“Əlbəttə ki, keyfiyyətsiz və ya saxlama şəraiti pozulmuş yumurtalar insan sağlamlığı üçün ciddi təhdid yaradır. Bu təhlükələr bəzən yüngül narahatlıqla, bəzən isə ağır zəhərlənmələrlə nəticələnir. Keyfiyyətsiz və saxlama şəraiti pozulmuş yumurta deyəndə çox vaxt iki şey nəzərdə tutulur. Ya yumurta köhnə olur, düzgün saxlanmır. Ya da tarixi və mənşəyi səhv göstərilir”.
Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida eksperti Asim Vəliyev deyib.

O bildirib ki, keyfiyyətsiz yumurtalarda rast gəlinən ən böyük risk salmonella infeksiyasıdır:
“Bu bakteriya yumurtanın həm qabığında, həm də daxilində ola bilər. Çatlamış yumurta daha təhlükəlidir. Çünki qabıq artıq qoruma rolunu itirir. İnfeksiya bədənə daxil olduqda yüksək hərarət, şiddətli qusma, ishal və qarın ağrılarına səbəb olur. Xüsusilə azyaşlı uşaqlar və yaşlılar üçün bu vəziyyət daha təhlükəlidir.
Digər risk yanlış məlumatdır. Tarix dəyişdiriləndə yumurta təzə kimi görünür. İnsan onu az bişmiş formada istifadə edir. Standartlara uyğun olmayan mühitdə istehsal edilən yumurtalarda ağır metallar ola bilər. Qurğuşun və civə kimi maddələr bədəndən asanlıqla atılmır. Onlar zamanla sümüklərdə və toxumalarda toplanaraq xroniki xəstəliklərin əsasını qoyur.
Bəzən yumurtanı təzə görünsün deyə yuyurlar və parıldadırlar. Bu həmişə olmasa da, mümkündür. Belə müdaxilə qabığın təbii qoruyucu qatını zəiflədə bilir.
Bu risklərin qarşısını almaq üçün bəzi qaydalara riayət etməliyik. Yumurtanı sarısı və ağı tam bərkiyənə qədər bişirməliyik. Çiy yumurta hər zaman infeksiya mənbəyidir. Həmçinin yumurtaya toxunduqdan sonra əllərimizi mütləq sabunla yumalıyıq.
Sındırdığımız yumurtadan kükürd, ya hər hansı kəskin qoxu gəlirsə, onu qətiyyən yeməməliyik. Yumurtanı otaq temperaturunda 2 saatdan çox saxlamaq olmaz. İsti mühitdə zərərli mikroorqanizmlər sürətlə artır”.
Ayşən Vəli