Müasir Azərbaycan poeziyasında özünəməxsus poetik üslubu və fərqli deyim tərzi ilə seçilən şair Adil Qasımlı ədəbiyyatımızın 60-cı illər ədəbi nəslinin tanınmış nümayəndələrindən biridir.
SİA xəbər verir ki, Respublikanın müxtəlif qəzet və jurnallarında müntəzəm olaraq dərc olunan şeirləri ilə oxucuların rəğbətini qazanan şairin ilk kitabı – “Pıçıltılar” 1969-cu ildə işıq üzü görüb. İlk poetik nümunələrindən etibarən həm oxucuların, həm də ədəbi tənqidin diqqətini çəkən Adil Qasımlı sonrakı illərdə “Biz görüşəndə”, “Dağlar, qalalar, babalar”, “Qaranquş ömrü”, “Sənə dönərəm” kimi kitabları ilə Azərbaycan poeziyasına dəyərli töhfələr verib.
Şairin yaradıcılığı yalnız şeirlərlə məhdudlaşmır. Onun “Cəsarət” və “Yaşıl obanın nağılları” poemaları Azərbaycan radiosunun efirində dinləyicilərə təqdim olunub. Eyni zamanda C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnələşdirilən “Aylı gecənin qaranlığında” pyesi tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Şairin bir sıra əsərləri xarici ölkələrin ədəbi mətbuatında da dərc edilərək Azərbaycan poeziyasını beynəlxalq oxuculara tanıdıb.
Bu gün 88 yaşını qeyd edən Adil Qasımlını ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq. Fürsətdən istifadə edərək şairin seçmə şeirlərindən nümunələri oxucuların diqqətinə çatdırırıq.
Adil Qasımlı
HƏLƏ KİMLİYİMİ DEYƏ BİLMƏRƏM
Bir gün kimliyimi soruşsa kimsə
Bilmərəm nə deyim,
Bu deyil ki, sirr -
Ağacı tanıdan meyvəsidirsə,
Torpağı tanıdan bərəkətidir.
Çox da qala bilməz ömür zamında,
Hərə bir işiylə ad alıb yaşar.
Barsız söyüd belə son məqamında
Ocaqda alışar, od olub yaşar.
Mən nə eləmişəm, nə də deyəm ki…
Daim gileyliyəm, gileyliyəm ki,
Sinəmdə cücərən söz güllənməyib,
Şerim zəmi-zəmi sünbüllənməyib.
Quru bir çubuqdur əlimdə qələm,
Hələ kimliyimi deyə bilmərəm.
Axı, nə söyləyim, deyim soyumdan,
Babəkin adıyla öyünmək yetər.
Çiləsən hayana Araz suyundan
Həsrət çiçəkləyər, ayrılıq bitər.
Bir Babək deyilik minimiz hələ,
Batıb içimizdə ünümüz hələ,
Hələ qarşımızdan dağ atmalıyıq,
Təbriz yollarını ağartmalıyıq.
Gözləri gözümdə, əli yaxamda
Araz hönkürürsə yaxınlığımda,
Hələ kimliyimi deyə bilmərəm.
Aylarım, illərim nağıla bənzər,
Üz tutub gedərəm işıq gələnə.
Başımda kiminsə sığalı gəzər,
Xəlbirdə su verər ağ divlər mənə.
Nağıl dünyasının yolları uzun,
Bəlkə köçəcəyəm başa vurmamış.
Məndən əl götürün, məndən əl üzün,
Doğmalaşan yadı dişə vurmamış,
Yadlaşan doğmayla qoşa durmamış
Hələ kimliyimi deyə bilmərəm.
Dolaşan işlərin çarəsi nədi,
Hər şey düyün düşüb Yer yumağında.
Göy tağı ölümlə yüklənməkdədi,
Kürəmiz günbəgün oyulmağında.
Yaxşılar yamana qarışıb gedir,
Talelər ölümün ovudur indi.
Könlümü nurladan gur işıq gedir,
Gümanlar qəlbimi ovudur indi.
Gümanlar – bir çaxmaq qovudur indi,
Hələ kimliyimi deyə bilmərəm.