"Bu il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçiriləcək möhtəşəm tədbir ölkəmizin şəhərsalma və memarlıq sahəsində qazandığı nailiyyətləri nümayiş etdirmək üçün unikal platforma rolunu oynayacaq".
Bu sözləri SİA-ya açıqlamasında Millət Vəkili Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, tədbirdə beynəlxalq ekspertlər, yerli memarlar və şəhər planlaşdırma sahəsinin peşəkarları bir araya gələrək müasir urban inkişaf prinsiplərini, innovativ layihələri və Qarabağ bölgəsində həyata keçirilən bərpa və abadlıq işlərini təqdim edəcəklər:
"Bu tədbir həm Azərbaycanın şəhərsalma təcrübəsini dünyaya tanıtmaq, həm də milli və beynəlxalq səviyyədə təcrübə mübadiləsini genişləndirmək baxımından böyük əhəmiyyət daşıyır.
Azərbaycanda “Şəhərsalma və Memarlıq İli”nin elan olunması ölkənin uzunmüddətli inkişaf strategiyası baxımından mühüm siyasi və institusional addım kimi qiymətləndirilir. Bu il ərzində planlaşdırılan tədbirlər, beynəlxalq konfranslar və elmi müzakirələr ölkəmizin şəhərsalma və memarlıq sahəsində formalaşdırdığı müasir yanaşmaları beynəlxalq ictimaiyyətə təqdim etmək üçün əlverişli imkan yaradır.
Proses həm ölkənin qlobal urbanizasiya dialoqunda fəal iştirakını təmin edir, həm də milli təcrübənin beynəlxalq mübadiləyə inteqrasiyasına xidmət edir. Mövcud inkişaf göstəriciləri göstərir ki, Azərbaycan şəhərsalma sahəsində kompleks və özünəməxsus model formalaşdırıb. Bu model dövlətin sistemli və məqsədyönlü siyasəti əsasında infrastrukturun yenilənməsi, müasir şəhərsalma prinsiplərinin tətbiqi, ekoloji tarazlığın qorunması və dayanıqlı inkişaf meyarlarının prioritetləşdirilməsi ilə xarakterizə olunur. Şəhər məkanlarının funksional planlaşdırılması, sosial infrastrukturun genişləndirilməsi və ekoloji amillərin nəzərə alınması urban inkişafın əsas istiqamətlərini təşkil edir.
Xüsusilə Qarabağ bölgəsində aparılan bərpa, quruculuq və abadlıq layihələri müasir şəhərsalma təcrübəsinin nadir nümunələrindən biridir. Qısa müddətdə geniş əraziləri əhatə edən və paralel icra olunan bu layihələr sürət, planlı yanaşma və texnoloji həllər baxımından beynəlxalq səviyyədə analoqu olmayan bir model ortaya qoyur. Bu yalnız fiziki infrastrukturu deyil, həmçinin sosial, iqtisadi və mədəni həyatın yenidən qurulmasını hədəfləyən kompleks inkişaf konsepsiyasıdır.
Bütün bu uğurların əsasında dövlət başçısının uzaqgörən siyasi baxışı, strateji planlaşdırma bacarığı və qətiyyətli idarəetmə modeli dayanır. Aparılan islahatlar və icra olunan layihələrin nəticələri artıq real göstəricilərlə təsdiqlənir. Bu gün Qarabağda həyata keçirilən iri miqyaslı şəhərsalma və memarlıq layihələri Azərbaycanın milli inkişaf tarixində və müasir urbanizasiya təcrübəsində mühüm mərhələ hesab olunur.
“Şəhərsalma və Memarlıq İli” ölkənin davamlı inkişaf strategiyasının əsas tərkib hissəsi olmaqla, Azərbaycanın regional və qlobal miqyasda qabaqcıl şəhərsalma modellərindən birini formalaşdırmaq iddiasını açıq şəkildə göstərir".