ABŞ və İsrail İranla müharibənin sonrakı mərhələsində yüksək zənginləşdirilmiş uran ehtiyatını qorumaq üçün İrana xüsusi qüvvələr göndərməyi müzakirə edirlər.
SİA xəbər verir ki, bu barədə “Axios” saytı İsrail və ABŞ mənbələrinə istinadla məlumat yayıb.
Sayt bildirir ki, materialı ələ keçirmək üçün hər hansı əməliyyatın keçirilməsi və böyük ehtimalla müharibənin ortasında ABŞ və ya İsrail qoşunlarının İran ərazisində, güclü şəkildə möhkəmləndirilmiş yeraltı qurğularda hərəkət etməsi tələb olunacaq.
Hələlik məlum deyil ki, bu, Amerika və İsrailin ayrılıqda, yoxsa birgə missiyası olacaq. Bildirilir ki, əməliyyat yalnız İran ordusunun müharibədə iştirak edən qarşı qüvvələrə ciddi təhlükə yaratmayacağına əmin olunduqdan sonra həyata keçiriləcək.
İsrail müdafiə rəsmisi qeyd edib ki, Tramp və komandası xüsusi missiyalar üçün İrana xüsusi əməliyyat bölmələri göndərməyi ciddi şəkildə nəzərdən keçirirlər.
ABŞ rəsmisi isə administrasiyanın materialı İrandan tamamilə çıxarmaq və ya yerində durulaşdırmaq üçün nüvə mütəxəssislərini cəlb etmək variantlarını müzakirə etdiyini bildirib.
Qeyd olunur ki, missiya ehtimal ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdən (AEBA) alimlərlə yanaşı, xüsusi operatorları da əhatə edəcək. Məsələdən xəbərdar olan iki mənbə bildirib ki, bu cür əməliyyatlar müharibədən əvvəl Trampa təqdim edilən seçimlər siyahısında mövcud olub.