Ağız səslərinə qarşı qıcıq - Misophonia

6 Mart 2026 12:11 (UTC+04:00)

Misophonia (misofoniya)- yemək yemə, hər hansı digər qidalar qəbul edilərkən çıxarılan səslərə qarşı aqressivləşmə, uşaq ağlama səslərinə qarşı tab gətirə bilməmə, bir başqasının hündürdən alıb-verdiyi nəfəs səslərindən əsəbləşmə əlamətlərinə verilən addır. Bu əlamətlərin xəstəlik olub olmadığı ətrafında hələ ki, tam fikir birliyi olmasa da, bəhs olunan əlamətlərin ciddi psixoloji problem olduğu şübhəsizdir. Nəbz artımından, sürətli ürək döyüntülərinə və hətta qarşısındakına fiziki təsir edəcək qədər yüksək həddə yüksələ bilən bu əlamətlərin daşıyıcısı olan insanlar, eyni zamanda, sosial mühitdən bacardıqca uzaq durmağa çalışırlar.

"İlk dəfə 2000-ci illərin başlarında elmi şəkildə araşdırılan məsələ 2001-ci ildən etibarən misophonia olaraq adlandırılmışdır. Daha sonralar Newcastle Universitetinin tədqiqatçıları bəhsolunan mövzu ətrafında daha dərin araşdırma edərək yeni nəticələr əldə etmişlər. Belə ki, araşdırmada misophoniyadan əziyyət çəkən insanların beyinlərində fərqliliyin olduğu üzə çıxmışdır. Daha doğrusu, dəyişikliklər həmin səslərin eşidilməyə başlandığı andan aktivləşməyə başlar. Bu baxımdan səslər qarşılıq verməyən (yağış səsi, su qaynaması), xoşagəlməz səslər (uşaq ağlaması, qışqırıq, dəzgah səsi) və insanların çıxardığı (yemək yemə zamanı çıxan) olaraq təsnif edilmişdir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Psixoloqun fikrincə, mizofoniya, çox vaxt yeniyetməlik dövründə başlayır və zamanla daha da pisləşə bilir: "Bu problem insanların sosial həyatına və gündəlik fəaliyyətlərinə mənfi təsir edə bilər. Məsələn, sosial əlaqələrdən qaçmaq, işdə konsantrasiya çətinliyi və ailə içində gərginliklərə səbəb ola bilər. Bəzi hallarda, fiziki reaksiya olaraq ürək döyüntüləri, tərləmə və ya nəfəs almaqda çətinliklər yaşanır. Bu vəziyyətin müalicəsi üçün müxtəlif üsullar mövcuddur. Koqnitiv davranış və səs terapiyası, eyni zamanda stersi idarəetmə kimi yanaşmalar, mizofoniyanın təsirlərini azalda bilər. Erkən müdaxilə və peşəkar psixoloji dəstək, bu vəziyyətin idarə olunmasında çox önəmlidir. Mizofoniya yaşayan insanlar üçün ailə cəmiyyətin dəstəyi, ən əsası isə anlayışı vacibdir", - deyə Y.Əsgərova qeyd edib.

Afət Tahirqızı