“İranın Naxçıvana dron hücumu regionda yeni gərginlik yaratdı” - DEPUTAT DANIŞDI

6 Mart 2026 11:34 (UTC+04:00)

”İranın Naxçıvana namərdcəsinə PUA hücumu etməsi ölkəmizə qarşı törədilən silsilə terror aktlarının davamıdır”.

Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Azər Badamov bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə torpaqlarımızı işğaldan azad etdikdən sonra İranın bizə qarşı açıq şəkildə hədə-qorxu ilə səsləndirdiyi bəyanatların, hərəkətlərin və terror hadisələrinin şahidi olmuşuq:

”Zəngəzur dəhlizinin açılmasını özlərinə qırmızı xətt hesab etdiklərini bildirən İran qələbəmizdən dərhal sonra Araz çayı üzərində ponton körpülər quraraq hərbi təlimlər keçirmişdi. Daha sonra isə Tehranda səfirliyimizə qarşı terror planlaşdıraraq həyata keçirmişdi. İndi də Naxçıvana dron hücumu təşkil edərək terror hərəkətlərini davam etdirib.

Dövlət başçımız Təhlükəsizlik Şurasının iclasını dərhal çağırdı və məsələyə çox ciddi yanaşaraq güc strukturlarına ordumuzu bir nömrəli hazırlıq vəziyyətinə gətirməklə bağlı tapşırıq verdi. Azərbaycan qonşuluq münasibətlərinə yüksək dəyər verərək İranda baş vermiş hadisələrlə bağlı başsağlığı verdi.
Təbii ki, bu gün dünyada hamı İrandan uzaqlaşdığı bir dövrdə yeganə dövlət başçısıdır ki, Prezident İlham Əliyev İran səfirliyinə gedərək mənəvi dəstək göstərib. O cümlədən Azərbaycan İrana humanitar yardımın göndərilməsini də planlaşdırırdı.

Azərbaycan İranda müharibə aparmaq üçün ölkəmizin ərazisindən istifadə olunmasına heç kimə və heç zaman imkan verməyib. Biz qonşuluq münasibətlərimizi qorumağa çalışdıq. Amma molla rejimi nankorluq və riyakarlıq nümayiş etdirdi.
Azərbaycan baş vermiş hadisə ilə bağlı İrandan izahat verilməsini və cinayətkarların cəzalandırılmasını tələb edir. Azərbaycan özünün suveren ərazisini qorumaq iqtidarında olan müstəqil ölkədir. Dövlətimizi belə ucuz hərəkətlərlə qorxutmaq mümkün deyil və lazım gəldiyi zaman müvafiq cavab verməyə həmişə hazırdır”.