Universitetdə əcnəbi tələbələrlə görüş keçirilib

5 Mart 2026 17:06 (UTC+04:00)

Azərbaycan Memarlıq və İnşaat Universitetində Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvlərinin universitetdə təhsil alan əcnəbi tələbələrlə görüşü çərçivəsində “Gələcəyin memarları Azərbaycanda yetişir” mövzusunda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunmuş görüş keçirilib.

SİA-nın məlumatına görə, AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva açılış nitqi ilə çıxış edərək universitetdə təhsil alan əcnəbi tələbələrin akademik və sosial mühitə inteqrasiyası, onların elmi potensialının inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Prorektor qeyd edib ki, universitet beynəlxalq tələbələrin rahat təhsil alması, akademik mühitə uyğunlaşması üçün müxtəlif təşəbbüslər həyata keçirir.
Tədbirdə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Sima Yaqubova, Şura üzvləri Vidadi Fətullayev və Nədimə Rəhimli çıxış edərək əcnəbi tələbələrin miqrasiya hüquqları, ölkədə qalma və qeydiyyat qaydaları, eləcə də onların cəmiyyətə inteqrasiyası məsələləri barədə məlumat veriblər.

Tədbirdə həmçinin WUF13 Əməliyyat Şirkətinin substantiv məzmun meneceri Cəmilə İsmayılzadə çıxış edərək beynəlxalq tədbirlərin təşkili, xüsusilə də Ümumdünya Şəhərsalma Forumu çərçivəsində həyata keçiriləcək fəaliyyətlər və əməkdaşlıq imkanları barədə danışıb.

Görüşdə Dövlət Miqrasiya Xidmətinin nümayəndələri – Hüquqi təminat idarəsinin rəis müavini, baş miqrasiya xidməti müşaviri Xəyalə Abbasova, Miqrasiya proseslərinin tənzimlənməsi baş idarəsinin baş inspektoru, miqrasiya xidməti müşaviri Nihad Kazımov və Miqrasiya nəzarəti baş idarəsinin baş inspektoru, miqrasiya xidməti müşaviri Xəyalə İsmayılova də çıxış edərək əcnəbi tələbələrin miqrasiya məsələləri, ölkədə qalma və qeydiyyat qaydaları, eləcə də mövcud qanunvericiliklə bağlı ətraflı məlumat veriblər.

Görüşün sonunda əcnəbi tələbələri maraqlandıran suallar cavablandırılıb, miqrasiya sahəsi ilə bağlı praktiki məsələlər ətrafında fikir mübadiləsi aparılıb və tələbələrin təklifləri dinlənilib. Azərbaycanda təhsil alan gənc memarların beynəlxalq peşəkar trendlərə inteqrasiyası, gələcəyin şəhərlərinin formalaşmasında onların rolu və bu istiqamətdə əməkdaşlıq imkanları müzakirə olunub. Qeyd edilib ki, AzMİU-da təhsil alan əcnəbi tələbələrin akademik və sosial mühitə inteqrasiyası, WUF13 çərçivəsində həyata keçiriləcək tədbirlərdə fəal iştirakı üçün universitet tərəfindən müvafiq dəstək göstəriləcək.