"Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaşlardan birinə çevrilir" - ŞƏRH EDİLDİ

5 Mart 2026 15:41 (UTC+04:00)

"Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti iclası Azərbaycanın qlobal enerji siyasətində getdikcə artan rolunun daha bir nümayişi kimi qiymətləndirilə bilər. Son illərdə dünya enerji bazarında baş verən ciddi dəyişikliklər, xüsusilə Avropanın enerji təhlükəsizliyi məsələsinin aktuallaşması Azərbaycan kimi etibarlı enerji tərəfdaşlarının əhəmiyyətini daha da artırıb".

Bu sözləri SİA-ya açıqlamasında ƏHD Partiyasının Baş katibi, politoloq Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, bu kontekstdə Cənub Qaz Dəhlizi layihəsi yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan strateji əhəmiyyət daşıyan platformaya çevrilib: "Azərbaycan son onillikdə enerji diplomatiyasını xarici siyasətin əsas alətlərindən birinə çevirə bilib. Bu siyasətin nəticəsi olaraq ölkə artıq yalnız enerji istehsalçısı deyil, həm də mühüm tranzit və enerji təhlükəsizliyi təmin edən aktora çevrilib. Hazırda Azərbaycan qazının 16 ölkəyə çatdırılması və Avropa İttifaqının 10 üzv dövlətinin bu qazdan istifadə etməsi Bakının enerji bazarındakı mövqeyinin gücləndiyini göstərir. Bu göstərici Azərbaycanın beynəlxalq enerji əməkdaşlığında etibarlı tərəfdaş kimi qəbul olunmasının bariz nümunəsidir. Avropa üçün bu əməkdaşlıq xüsusilə strateji əhəmiyyət kəsb edir. Son illərdə qlobal geosiyasi böhranlar, enerji bazarındakı dalğalanmalar və alternativ mənbələrə keçid siyasəti Avropa İttifaqını enerji təchizatını şaxələndirməyə məcbur edib. Bu baxımdan Azərbaycan qazı Avropa bazarında mühüm alternativ mənbələrdən biri kimi çıxış edir. Azərbaycan həm sabit siyasi mühitə, həm də uzunmüddətli enerji ehtiyatlarına malik olduğu üçün Avropa üçün etibarlı tərəfdaş kimi qəbul olunur. Azərbaycanın paralel şəkildə yaşıl enerji sahəsində də ciddi addımlar atmasıdır. Günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi, həmçinin gələcəkdə Avropaya elektrik enerjisinin ixracı ilə bağlı planlar ölkənin enerji strategiyasının yalnız karbohidrogen resurslarına əsaslanmadığını göstərir. Bu isə Azərbaycanın gələcəkdə qlobal enerji keçidi prosesində də mühüm rol oynaya biləcəyini göstərir.

Eyni zamanda Azərbaycan enerji infrastrukturu və nəqliyyat imkanları baxımından regionun əsas enerji qovşaqlarından birinə çevrilmək istiqamətində addımlar atır. Xəzər hövzəsi, Mərkəzi Asiya və Avropa arasında enerji və nəqliyyat əlaqələrinin gücləndirilməsi Bakının regional geosiyasi əhəmiyyətini artırır. Bu isə ölkəyə həm iqtisadi dividendlər qazandırır, həm də beynəlxalq siyasətdə manevr imkanlarını genişləndirir. Azərbaycanın həyata keçirdiyi enerji siyasəti ölkəni yalnız enerji ixrac edən dövlət kimi deyil, həm də Avrasiya məkanında enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan strateji tərəfdaş kimi formalaşdırır. Bu istiqamətdə həyata keçirilən layihələr gələcək illərdə də Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən əsas faktorlar sırasında qalacaq".