"İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində çox böyük turizm potensialı mövcuddur. Təəssüf ki, otuz il davam edən işğal dövründə bu ərazilərin infrastrukturu və turizm imkanları istifadə olunmamış, əksinə ciddi dağıntılara məruz qalmışdır".
Bunu SİA-ya açıqlamasında turizm eksperti Cəfər Qarayev deyib.

Onun sözlərinə görə, həmin dövrdə bir çox tarixi və mədəni abidələr dağıdılmış, qoruqlar qorunmamış, təbiətə və bölgənin turizm potensialına böyük ziyan vurulmuşdur: "Hazırda isə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Turizm infrastrukturu qurulur, yeni istirahət və xidmət mərkəzləri yaradılır. Xüsusilə Şuşa, Xankəndi və Kəlbəcər kimi ərazilərdə turizm üçün mühüm layihələr həyata keçirilir. Bununla yanaşı, bölgədəki tarixi-mədəni abidələrin bərpası da davam etdirilir.
Qarabağ və Şərqi Zəngəzurun zəngin təbiəti – meşələri, çayları, gölləri və sərin iqlimi – xüsusilə yay turizmi üçün böyük imkanlar yaradır. Təbiətsevərlər, sərin və yaşıllıqla zəngin məkanlarda istirahət etmək istəyən turistlər üçün bu bölgə çox cəlbedici istiqamət hesab olunur. Bu imkanlardan istifadə etməklə müxtəlif turizm məhsulları hazırlamaq, xüsusilə kənd və yaşıl turizmi inkişaf etdirmək mümkündür.
Turizm baxımından xüsusi əhəmiyyət kəsb edən məkanlardan biri də İstisu mineral sularıdır. Bu ərazidə müasir sanatoriya və sağlamlıq komplekslərinin tikintisi həyata keçirilir. Planlaşdırılan sanatoriya komplekslərinin yüksək səviyyəli – beşulduzlu standartlara uyğun olması və həm yerli, həm də xarici turistləri qəbul etməsi nəzərdə tutulur.
Bölgədə nəqliyyat infrastrukturunun inkişafı da turizmin genişlənməsinə mühüm töhfə verəcək. Artıq Füzuli Beynəlxalq Hava Limanı fəaliyyət göstərir, həmçinin Laçın Beynəlxalq Hava Limanı kimi layihələr də bu məqsədlə həyata keçirilir. Bu hava limanları gələcəkdə xarici turistlərin birbaşa Qarabağ və Şərqi Zəngəzur bölgəsinə səfər etməsinə imkan yaradacaq.
Təbii ki, bu proses ərazilərin minalardan tam təmizlənməsi ilə daha da sürətlənəcək. Minaların təmizlənməsindən sonra mövcud məhdudiyyətlər aradan qalxacaq və vətəndaşlar öz nəqliyyat vasitələri ilə sərbəst şəkildə bu bölgələrə səfər edə biləcəklər. Bu isə Qarabağ və Şərqi Zəngəzurun turizm potensialının tam şəkildə reallaşmasına və bölgənin həm yerli, həm də beynəlxalq turistlər üçün cəlbedici məkana çevrilməsinə imkan verəcək".