“İrandakı mövcud molla rejimi region və dünya üçün təhlükədir” - ŞƏRH OLUNDU

5 Mart 2026 14:18 (UTC+04:00)

“İranın Naxçıvana PUA zərbələri endirməsi faktiki olaraq beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Azərbaycan bu günə qədər İrana qarşı heç bir hərbi və diplomatik təzyiqlərə qoşulmayıb, koalisiyada yer almayıb. Əksinə, dinc dövrdə belə İrandan Azərbaycana sərt təhdidlər olub, amma münasibətlərin normallaşdırılması istiqamətində rəsmi Bakı loyallıq göstərib. Azərbaycan hər zaman İrana qarşı konstruktiv mövqeyi ilə seçilib.”

Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

O bildirib ki, İranda etiraz aksiyaları olduğu dönəmdə belə, Azərbaycan imkanı olmasına baxmayaraq, heç bir halda Güney azərbaycanlılarının ayaqlanması, onların İrana qarşı çıxması istiqamətində təbliğata qoşulmayıb:

“Azərbaycan İranın ərazi bütövlüyünü dəstəklədiyi kimi, İrana qarşı edilən hücumları da hər zaman pisləyib. Amma bu gün görünən odur ki, İrandakı mövcud molla rejimi təkcə özü deyil, region və dünya üçün də ciddi təhlükə yaradır. Faktiki olaraq, müharibə ilə yaxından-uzaqdan əlaqəsi olmayan və heç bir halda ölkə ərazisində başqa ölkəyə məxsus hərbi bazaları olmayan bir ölkəyə qarşı hücumlar edildi. Bu, İranın beynəlxalq hüquq və norma prinsiplərinə riayət etməyən, təcavüzkar ölkə olduğunu göstərdi.

Azərbaycan məsələ ilə bağlı adekvat addımlar atacaq. İlk növbədə İrana qarşı nota veriləcək, artıq İran İslam Respublikasının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağrılıb. Azərbaycan İrana ən sərt şəkildə siyasi və diplomatik cavabı verəcək. Bundan sonra İrandan gələcək ehtimal hücumlar və aktlara qarşı da ordumuz ayıq-sayıqdır.

İran təəssüf ki, Azərbaycanı başqa ölkələrlə səhv salır. Azərbaycan İrana ağır zərbə vura biləcək potensialda bir ölkədir. İran unutmamalıdır ki, Azərbaycan Qarabağ zəfəri qazanmış ölkədir və real döyüş təcrübəsinə malikdir. Həmçinin, bu gün İranda 35–40 milyona yaxın Güney azərbaycanlı nüfuzu mövcuddur və soydaşlarımızın bir qulağı hər zaman Bakıdadır.

Hesab edirəm ki, Azərbaycan hazırki məqamda hər bir vəziyyətə hazırdır. Əgər İranın niyyəti qonşu dövlətlərlə düşmən olmaqdırsa, Azərbaycan buna cavab vermək iqtidarındadır.”