Prezident İlham Əliyev tərəfindən Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında səsləndirilən fikirlər Azərbaycanın dəyişən qlobal enerji arxitekturasında tutduğu strateji mövqenin aydın ifadəsidir. Bu çıxış həm regional, həm də qlobal enerji təhlükəsizliyi kontekstində ölkəmizin rolunu bir daha nümayiş etdirdi.
Dünyada enerji təhlükəsizliyi məsələsi artıq sırf iqtisadi kateqoriya deyil, milli və beynəlxalq təhlükəsizliyin ayrılmaz komponentinə çevrilib. Xüsusilə Avropada enerji təchizatının şaxələndirilməsi zərurəti fonunda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində aparılan müzakirələr strateji əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın etibarlı tərəfdaş kimi formalaşdığını, qaz təchizatının coğrafiyasının genişləndiyini və yeni bazarlarla əməkdaşlığın gücləndiyini vurğuladı. Bu yanaşma Azərbaycanın uzunmüddətli müqavilələrə əsaslanan, siyasi təzyiqlərdən uzaq enerji siyasətini davam etdirdiyini göstərir. Dövlət başçısının mesajı ondan ibarət idi ki, enerji əməkdaşlığı qarşılıqlı etimada və praktik nəticələrə söykənməlidir.
Cənub Qaz Dəhlizi artıq sadəcə infrastruktur layihəsi deyil, Avrasiya məkanında enerji xəritəsini dəyişdirən mühüm geosiyasi platformadır. Azərbaycanın təşəbbüsü və siyasi iradəsi nəticəsində reallaşan bu layihə ölkəmizin tranzit və istehsalçı dövlət kimi mövqeyini möhkəmləndirib.
Çıxışda layihənin genişləndirilməsi, ötürücülük qabiliyyətinin artırılması və yeni tərəfdaşların cəlb olunması məsələləri xüsusi yer tutdu. Bu, Azərbaycanın artan enerji tələbatına çevik cavab vermək imkanına malik olduğunu göstərir. Eyni zamanda, dövlət başçısı maliyyə institutları və tərəfdaş ölkələrin məsuliyyətinin vacibliyini qeyd edərək, enerji təhlükəsizliyinin kollektiv məsuliyyət olduğunu vurğuladı.
İclas çərçivəsində keçirilən Yaşıl Enerji Məşvərət Şurası Azərbaycanın enerji strategiyasında yeni mərhələnin başlanğıcını simvolizə edir. Prezident İlham Əliyev çıxışında bərpa olunan enerji potensialının, xüsusilə günəş və külək enerjisinin inkişaf etdirilməsinin prioritet olduğunu bildirdi.
Bu yanaşma karbohidrogen resurslarının daha səmərəli ixracı, daxili enerji balansında alternativ mənbələrin payının artırılması, Azərbaycanın regional “yaşıl enerji mərkəzi”nə çevrilməsi, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafı kimi strateji məqsədlərə xidmət edir.
Azərbaycan bununla həm ənənəvi enerji ixracatçısı, həm də alternativ enerji istehsalçısı kimi paralel model formalaşdırır. Bu model isə uzunmüddətli dayanıqlılıq baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan bu gün enerji əməkdaşlığını siyasi sabitlik, regional təhlükəsizlik və iqtisadi inteqrasiya ilə uzlaşdırır. Bakı platforması artıq təkcə enerji dialoqu deyil, həm də geosiyasi koordinasiya məkanıdır. Dövlət başçısının vurğuladığı əsas məqamlardan biri enerji layihələrinin siyasiləşdirilməsinin yolverilməzliyi idi. Bu mövqe isə Azərbaycanın balanslaşdırılmış və praqmatik xarici siyasət kursunun davamıdır.
Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclasındakı çıxışı Azərbaycanın qlobal enerji siyasətində ikili strategiyasını – ənənəvi enerji təhlükəsizliyinin təmin olunması və paralel şəkildə yaşıl transformasiyanın sürətləndirilməsini açıq şəkildə ortaya qoydu.
Bu çıxış göstərdi ki, Azərbaycan artıq təkcə enerji resurslarına malik bir ölkə deyil, həm də enerji gündəliyini formalaşdıran, regional əməkdaşlıq platformaları yaradan və qlobal enerji keçidində fəal rol oynayan strateji gücdür. Enerji təhlükəsizliyi ilə yaşıl inkişafın vəhdəti isə ölkənin gələcək iqtisadi modelinin əsas sütunlarından biri kimi çıxış edir.
Millət vəkili Jalə Əliyeva.