Mərkəzi Gömrük Hospitalının Laboratoriyası xəstəliklərin erkən aşkarlanması, dəqiq diaqnostika və pasiyentlərin həyat keyfiyyətinin yüksəldilməsi məqsədilə ən müasir texnologiyalarla təchiz olunmuş, milli və beynəlxalq standartlara tam uyğun, yüksək peşəkarlıqla fəaliyyət göstərən qabaqcıl klinik diaqnostika şöbəsidir.
Laboratoriyada tam avtomatlaşdırılmış analizatorlar, süni intellekt dəstəyi, eləcə də daxili və xarici keyfiyyət nəzarət (IQC/EQC) sistemləri tətbiq olunur. Bu yanaşma nəticələrin yüksək dəqiqliyini və etibarlılığını təmin etməklə yanaşı, səhiyyə normativlərinə tam riayət olunmasına və risklərin minimuma endirilməsinə zəmanət verir.
Qabaqcıl texnologiyalar və peşəkar kadr potensialı sayəsində laboratoriyada tam təhlükəsiz şəraitdə kliniki, biokimyəvi, koaqulopatoloji, hematoloji, bakterioloji, immunoseroloji və molekulyar-genetik müayinələr həyata keçirilir.
Laboratoriyanın əsas xidmət sahələri:
Kliniki analizlər: qan, sidik və digər bioloji nümunələrin ümumi laborator göstəricilərinin təhlili;
Biokimyəvi testlər: daxili orqanların funksional vəziyyətinin qiymətləndirilməsi;
Koaqulopatoloji müayinələr: hemostaz və laxtalanma sisteminin analizi;
Hematoloji analizlər: qan hüceyrələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin ətraflı təhlili;
Bakterioloji müayinələr: mikroorqanizmlərin identifikasiyası və antibiotiklərə həssaslıq testləri;
İmmunoseroloji testlər: immun cavabın qiymətləndirilməsi, infeksion və autoimmun xəstəliklərin diaqnostikası;
Molekulyar-genetik müayinələr: virus, bakteriya, göbələk və parazitlərin genetik səviyyədə yüksək həssaslıq və spesifikliklə aşkarlanması.
Mərkəzi Gömrük Hospitalının Laboratoriyası diaqnostik dəqiqliyi, sürəti və etibarlılığı təmin edən, dünya miqyasında tanınmış qabaqcıl laboratoriya avadanlıqları ilə təchiz olunmuşdur.
Snibe Satlars T8 sistemi laboratoriyanın ən yeni və yüksək texnologiyalı platformalarından biridir. Bu sistem immunoloji və biokimyəvi testlərin geniş spektrini yüksək sürət və dəqiqliklə həyata keçirir. Satlars T8 nümunələrin identifikasiyası, barkodlama və preanalitik mərhələdə süni intellekt dəstəyi vasitəsilə mümkün səhvlərin erkən aşkarlanmasını, iş axınının optimallaşdırılmasını və nəticələrin etibarlılığının artırılmasını təmin edir. Bu da laboratoriya xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsinə və klinik qərarvermənin effektivliyinə şərait yaradır.
Roche Cobas sistemi beynəlxalq keyfiyyət standartlarına tam uyğun, minimal insan müdaxiləsi ilə yüksək dəqiqlikli nəticələr təqdim edən müasir biokimyəvi və immunoloji platformadır. Geniş test menyusu infeksion, metabolik, endokrin və onkoloji göstəricilərin etibarlı diaqnostikasını təmin edərək klinik qərarvermə prosesinə mühüm töhfə verir.
VIDAS®3-cihazı sürətli immunoanalizlər üçün nəzərdə tutulmuş etibarlı diaqnostik platformadır. Xüsusilə QuantiFERON testi sahəsində dünya miqyasında “qızıl standart” kimi qəbul edilən bu sistem yüksək həssaslıq və spesifikliyi ilə seçilir.
Thermo Fisher Scientific platformaları infeksion xəstəliklərin laborator diaqnostikasında yüksək analitik dəqiqlik, geniş test menyusu və beynəlxalq keyfiyyət standartlarına uyğunluğu ilə seçilən etibarlı və innovativ həllər təqdim edir.
Hematoloji müayinələr tam avtomatlaşdırılmış Mindray hematoloji analizatorları vasitəsilə aparılır. Bu cihazlar eritrositlər, leykositlər, trombositlər və onların subpopulyasiyalarını yüksək dəqiqliklə ölçərək etibarlı və standartlaşdırılmış nəticələr təqdim edir.
Koaqulopatoloji müayinələr yüksək dəqiqlikli Sysmex cihazları ilə icra olunur. Sistem hemostazın ümumi vəziyyətini kompleks şəkildə qiymətləndirir və hipokoaqulyasiya və hiperkoaqulyasiya hallarının erkən mərhələdə aşkarlanmasına imkan yaradır.
Bakterioloji müayinələrdə istifadə olunan VITEK® və BACT/ALERT® sistemləri mikroorqanizmlərin sürətli identifikasiyasını və antibiotiklərə həssaslıq testlərinin aparılmasını təmin edir.
VITEK® bakteriya və göbələklərin növ səviyyəsində müəyyən edilməsinə və minimal inhibitor konsentrasiyasının (MIC) təyin olunmasına imkan verir.
BACT/ALERT® sistemi isə qan və digər steril bioloji nümunələrdə mikroorqanizmlərin erkən aşkarlanmasını real vaxt monitorinqi ilə təmin edir.
Bio-Rad CFX96 real-time PZR sistemi molekulyar diaqnostikada yüksək həssaslıq və dəqiqlik təmin edərək patogenlərin genetik səviyyədə keyfiyyət və kəmiyyət təhlilinə imkan verir. Yüksək reprodüktivlik və paralel analiz imkanları laboratoriyanın iş yükünü optimallaşdırır.
BioFire® sistemi multiplex PZR texnologiyasına əsaslanan, sindromik yanaşma ilə bir çox patogenin eyni vaxtda aşkarlanmasını təmin edən innovativ platformadır. Təxminən 1 saat 30 dəqiqə ərzində nəticə əldə edilməsi klinik qərarvermə prosesini əhəmiyyətli dərəcədə sürətləndirir və 43-ə qədər patogenin genetik deteksiyasına imkan yaradır.
Laboratoriyanın fəaliyyətinin əsasını yüksək ixtisaslı, beynəlxalq təcrübəyə malik mütəxəssislər təşkil edir. Onların peşəkarlığı və müasir texnoloji imkanlar sayəsində nəticələr sürətli və dəqiq şəkildə təqdim olunur. 24/7 rejimində fəaliyyət göstərən laboratoriya, süni intellekt dəstəyi və tam avtomatlaşdırılmış analiz prosesləri ilə hər zaman etibarlı nəticələr və vaxtında diaqnostika təmin edir.
Mərkəzi Gömrük Hospitalının Laboratoriyası – ən müasir texnologiyalar, beynəlxalq standartlara tam uyğunluq və yüksək ixtisaslı mütəxəssislərin peşəkarlığı sayəsində xəstəliklərin erkən aşkarlanması və dəqiq diaqnostikada qabaqcıl rol oynayan etibarlı və sürətli diaqnostika mərkəzidir.