Azərbaycandan Ermənistana neft məhsullarının və Rusiya gübrəsinin tədarükü davam edir.
SİA xəbər verir ki, 1984 ton dizel yanacağı daşıyan 31 vaqon və 135 ton Rusiya gübrəsi yüklənmiş 2 vaqon “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.
Bildirilir ki, Rusiya gübrəsi Azərbaycandan tranzit vasitəsilə Ermənistana göndərilir.
Qeyd edək ki, sonuncu dəfə fevralın 25-də Azərbaycandan Ermənistana 4500 ton dizel yanacağı daşıyan 39 çən vaqonu yola salınıb. Bundan əvvəl isə yanvarın 11-də 979 ton “Aİ-92” markalı avtomobil benzini yüklənmiş 18 vaqon Ermənistana göndərilib. Yanvarın 9-da isə ümumilikdə 2698 ton neft məhsulu tədarük edilib. Həmin yüklərə 1742 ton “Aİ-95” markalı benzin və 956 ton dizel yanacağı daxil olub.
Xatırladaq ki, Ermənistana yanacaq ixracına 2025-ci il dekabrın 18-də başlanılıb. Həmin gün bu ölkəyə 1220 ton “Aİ-95” markalı avtomobil benzini göndərilib.
Bu daşımalar Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında imzaladığı qərara əsasən həyata keçirilir. Həmin qərarla işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb və bu istiqamətdə daşımaların həyata keçirilməsinə imkan yaradılıb.