"Bakı və Moskva strateji əməkdaşlığı dərinləşdirir" - ŞƏRH EDİLDİ

4 Mart 2026 16:31 (UTC+04:00)

"Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyası Hökuməti Sədrinin müavini Aleksey Overçuk arasında keçirilən görüş iki ölkə arasındakı münasibətlərin strateji xarakter daşıdığını bir daha nümayiş etdirdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, bu təmas təkcə ikitərəfli əlaqələrin cari vəziyyətinin müzakirəsi baxımından deyil, həm də regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda xüsusi əhəmiyyət kəsb edir: "Hazırkı mərhələdə Azərbaycan-Rusiya münasibətləri praqmatik əməkdaşlıq modeli üzərində qurulub. Tərəflər arasında iqtisadi-ticari əlaqələrin genişlənməsi, investisiya axınlarının artırılması, sənaye kooperasiyası və nəqliyyat-logistika sahəsində əməkdaşlıq prioritet istiqamətlər kimi çıxış edir. Xüsusilə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi” layihəsi Avrasiya məkanında alternativ və etibarlı tranzit marşrut kimi strateji önəm daşıyır. Bu dəhliz vasitəsilə Hind okeanı hövzəsindən Rusiya və Şimali Avropaya qədər uzanan geniş coğrafiyada yükdaşımaların həcminin artması gözlənilir. Azərbaycan burada əsas tranzit və logistika mərkəzi rolunu oynayır. Görüşdə regional təhlükəsizlik məsələlərinin də müzakirə olunması onu göstərir ki, Bakı və Moskva regionda sabitliyin qorunmasında maraqlıdırlar. Xüsusilə Rusiya vətəndaşlarının İran ərazisindən təxliyəsində Azərbaycanın göstərdiyi operativ dəstək iki ölkə arasında qarşılıqlı etimadın göstəricisidir. Bu cür humanitar jestlər dövlətlərarası münasibətlərdə siyasi kapitalı gücləndirən faktorlardandır.

Eyni zamanda, 2024-cü ilin dekabrında baş vermiş “AZAL” təyyarə qəzası ilə bağlı məsələlərin həlli istiqamətində kompleks praktik addımların atılacağına dair razılıq, tərəflərin problemləri açıq dialoq və qarşılıqlı anlaşma yolu ilə həll etmək iradəsini ortaya qoyur. Bu yanaşma Azərbaycan-Rusiya münasibətlərinin emosional deyil, rasional və institusional çərçivədə inkişaf etdiyini göstərir. Ümumilikdə, bu görüş Azərbaycan-Rusiya əlaqələrinin sabit, çoxşaxəli və qarşılıqlı maraqlara əsaslanan xətt üzrə inkişaf etdiyini təsdiqləyir. Mövcud beynəlxalq gərginliklərə baxmayaraq, tərəflər dialoqu davam etdirməyə və əməkdaşlıq gündəliyini genişləndirməyə üstünlük verirlər. Bu isə regionda iqtisadi inteqrasiyanın və nəqliyyat bağlantılarının güclənməsi baxımından mühüm perspektivlər vəd edir".