"İlham Əliyevin “Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik” bəyanatı əslində Azərbaycanın son illər həyata keçirdiyi strateji enerji siyasətinin məntiqi davamıdır. Almaniya və Avstriyaya qaz tədarükünün başlanması sıradan kommersiya müqaviləsi deyil, Avropanın mərkəzi iqtisadi nüvəsinə birbaşa çıxış deməkdir".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Almaniya Avropa İttifaqının aparıcı iqtisadi gücüdür: "Bu bazara daxil olmaq Azərbaycanın enerji etibarlılığının və infrastruktur imkanlarının yüksək səviyyədə qiymətləndirildiyini göstərir. Eyni zamanda Avstriya Mərkəzi Avropada mühüm qaz hablarından biri hesab olunur. Bu iki istiqamət Azərbaycanın qazının Avropada daha geniş coğrafiyada dövriyyəyə daxil olmasına şərait yaradır. Hazırda Avropa İttifaqının 10 üzv dövlətinin Azərbaycan qazı alması enerji əməkdaşlığını artıq taktiki deyil, strateji səviyyəyə qaldırır. Bu, qarşılıqlı asılılıq modelini formalaşdırır. Avropa üçün Azərbaycan etibarlı təchizatçıya çevrilir, Azərbaycan üçün isə Avropa uzunmüddətli və sabit bazar rolunu oynayır. Yeni yataqlar üzrə hasilatın artırılması planı Azərbaycanın enerji resurslarının hələ uzun illər Avropa bazarında mövcud olacağını göstərir. Bu isə Avropada enerji keçidi prosesi ilə paralel şəkildə “keçid dövrü yanacağı” kimi təbii qazın rolunu qoruyur. Azərbaycan burada boşluğu dolduran ölkə kimi çıxış edir.
Bu genişlənmə Azərbaycanın geosiyasi çəkisini artırır. Enerji ixracı yalnız iqtisadi gəlir demək deyil, eyni zamanda siyasi dialoq, təhlükəsizlik əməkdaşlığı və regional layihələrdə söz sahibinə çevrilmək deməkdir. Xüsusilə 2022-ci ildən sonra Avropanın enerji şaxələndirmə siyasəti fonunda Azərbaycanın rolu daha da artıb. Almaniya və Avstriyaya qaz tədarükü Azərbaycanın Avropanın enerji xəritəsində periferik deyil, mərkəzi oyunçuya çevrildiyini göstərir. Bu, həm iqtisadi dividendlər, həm də siyasi təsir imkanları baxımından ölkənin mövqeyini möhkəmləndirir".