"Azərbaycan enerji diplomatiyasında strateji mərhələyə keçir" - ŞƏRH EDİLDİ

4 Mart 2026 16:04 (UTC+04:00)

"Bakı Konqres Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü iclasları Azərbaycanın enerji diplomatiyasının yeni mərhələyə daxil olduğunu göstərir. İlham Əliyevin çıxışında səsləndirilən mesajlar təkcə iqtisadi deyil, həm də geosiyasi məzmun daşıyırdı".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, Azərbaycanın Avropa enerji təhlükəsizliyində rolu artıq alternativ yox, strateji əhəmiyyətli komponent kimi qəbul olunur: "Xüsusilə 2022-ci ildən sonra Avropa İttifaqının enerji təchizatını şaxələndirməsi fonunda Avropa İttifaqı üçün Azərbaycan qazı mühüm dayağa çevrilib. Təsadüfi deyil ki, hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və 10 Avropa İttifaqı üzvü birbaşa bu təchizatdan faydalanır. Bu isə Azərbaycanın təkcə ixracatçı deyil, həm də enerji təhlükəsizliyi memarı kimi çıxış etdiyini göstərir. Cənub Qaz Dəhlizi artıq sırf infrastruktur layihəsi deyil, siyasi sabitlik və qarşılıqlı asılılıq platformasıdır. İstehsalçı (Azərbaycan), tranzit ölkələr və istehlakçı dövlətlər arasında formalaşan üçtərəfli balans uzunmüddətli əməkdaşlıq modelini gücləndirir. Bu model enerji resurslarının silaha çevrildiyi bir dövrdə etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. Azərbaycanın yaşıl enerji gündəliyi xüsusi diqqət çəkir. Əgər ölkə həm qaz ixracını artırır, həm də 2032-ci ilə qədər 6–8 giqavat bərpaolunan enerji istehsalı hədəfi qoyursa, bu, paralel enerji transformasiyası strategiyası deməkdir. Burada məqsəd daxili istehlakda qazın payını azaltmaqla ixrac potensialını genişləndirmək və eyni zamanda regionun elektrik ixracatçısına çevrilməkdir. Bu isə Azərbaycanın Xəzər-Qara dəniz enerji bağlantılarında əsas tranzit və istehsal mərkəzinə çevrilməsi perspektivini gücləndirir. Suriyaya qaz ixracı kimi yeni istiqamətlər Azərbaycanın enerji siyasətinin artıq yalnız Avropa ilə məhdudlaşmadığını göstərir. Bu, enerji diplomatiyasının Yaxın Şərqdə də alətə çevrildiyini nümayiş etdirir. Eyni zamanda Türkiyə, Serbiya və İtaliyadakı enerji aktivlərinin genişləndirilməsi Azərbaycanın xarici enerji bazarlarında institusional mövcudluğunu artırır.

Nəhayət, burada əsas məqam praqmatik yanaşmadır. Azərbaycan həm qazıntı yanacaqlarını qoruyur, həm də yaşıl enerjiyə sərmayə yatırır. Bu balanslı model ideoloji deyil, iqtisadi və geosiyasi realizmə əsaslanır. Enerji təhlükəsizliyi ilə enerji keçidi arasında körpü rolunu oynamaq Azərbaycanın beynəlxalq çəkisini artırır. Beləliklə, Cənub Qaz Dəhlizi və yaşıl enerji strategiyası Azərbaycanın regional gücdən qlobal enerji oyunçusuna transformasiyasının əsas sütunlarından birinə çevrilib".