İran İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli rəsmisi bazar ertəsi bildirib ki, Hörmüz boğazı bağlanıb və hər hansı gəmi oradan keçməyə cəhd edərsə, İran həmin gəmiləri yandırmaqla hədələyir. Bu barədə dövlət mediası məlumat yayıb.
SİA timesofisrael.com (The times of İsrael ) İsrail xəbər saytına istinadən məlumat verir ki, dünyanın ən mühüm neft ixrac marşrutu hesab olunan Fars körfəzi su yolunun bağlanması xam neft qiymətlərinin kəskin artmasına səbəb ola bilər. Bununla belə, Fox News ABŞ ordusunun Mərkəzi Komandanlığına (CENTCOM) istinadən boğazın hələ də açıq olduğunu bildirib.
İran dövlət mediasında yayımlanan açıqlamada İnqilab Keşikçiləri Korpusunun baş komandanının baş müşaviri İbrahim Cabari deyib: “Hörmüz boğazı bağlanıb. Əgər kimsə keçməyə cəhd etsə, İnqilab Keşikçilərinin və müntəzəm donanmanın qəhrəmanları həmin gəmiləri yandıracaqlar.” Bu, İnqilab Keşikçilərinin şənbə günü gəmilərə ixrac marşrutunun bağlandığını bildirməsindən sonra Hörmüzdən keçən gəmiçiliyə qarşı ən açıq hədələrdən biri hesab olunur.
Bundan əvvəl bazar ertəsi İnqilab Keşikçiləri ABŞ ilə əlaqəli olduğu iddia edilən neft tankerinə Hörmüz boğazında hücum etdiyini açıqlayıb. Bildirilib ki, bu hücum ABŞ və İsrailin həyata keçirdiyi hərbi əməliyyatlara cavab olaraq təşkil olunan zərbələr silsiləsinin bir hissəsidir.