Ukrayna Aralıq dənizində Rusiya gəmisini vurdu

4 Mart 2026 15:07 (UTC+04:00)

Ukrayna ordusu Aralıq dənizində Rusiyaya məxsus mayeləşdirilmiş qaz (LNG) daşıyan gəmiyə hücum edib.

SİA xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına görə, insident Liviya sahilləri yaxınlığında baş verib və hücum Ukraynaya məxsus dəniz dronları vasitəsilə həyata keçirilib. Hadisə nəticəsində gəmidə müəyyən zədələrin yarandığı bildirilsə də, Rusiya vətəndaşları olan 30 heyət üzvünün hamısının təhlükəsiz şəkildə xilas edildiyi qeyd olunub.

Bu hadisə Ukrayna ilə Rusiya arasında hərbi qarşıdurmanın artıq Qara dənizdən kənara çıxaraq daha geniş akvatoriyalara yayıldığını göstərir. Qeyd edək ki, bundan əvvəl Ukrayna qüvvələri Novorossiysk limanında Rusiyaya məxsus beş hərbi gəmini vurduğunu açıqlamışdı. Analitiklər son hücumların Rusiyanın enerji və hərbi logistika marşrutlarına təzyiqi artırmaq məqsədi daşıdığını bildirirlər.