Azərbaycan və Avstriya qarşılıqlı investisiya imkanlarını genişləndirməyi müzakirə ediblər

4 Mart 2026 14:53 (UTC+04:00)

Azərbaycan və Avstriya arasında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi, sənaye əməkdaşlığı və s. məsələlər müzakirə olunub.

SİA İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr nazirin I müavini Elnur Əliyevin Avstriyanın İqtisadiyyat, Enerji və Turizm üzrə Federal Nazirliyinin Baş katibi Severin Qruberlə görüşündə aparılıb.

Görüşdə iki ölkə arasında ikitərəfli iqtisadi əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri, birgə layihələrin reallaşdırlması imkanları nəzərdən keçirilib. İşğaldan azad edilmiş ərazilərdə Avstriya şirkətləri ilə əməkdaşlıq, sənaye, kənd təsərrüfatı, enerji, o cümlədən bərpa olunan enerji və humanitar sahələrdə tərəfdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, mövcud potensialdan daha səmərəli istifadə və işgüzar dairələr arasında birbaşa əlaqələrin təşviqi iqtisadi münasibətlərin daha da dərinləşdirilməsinə töhfə verə bilər.