Şri-Lanka sularında İrana məxsus hərbi gəmi batıb

4 Mart 2026 14:34 (UTC+04:00)

180 nəfərlik heyətdən ibarət hərbi gəmi 4 mart tarixində sübh tezdən qəza siqnalı göndərərək xilasetmə əməliyyatına səbəb olub.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, İran Hərbi Dəniz Qüvvələrinə məxsus IRIS Dena gəmisi Şri-Lankanın ərazi sularında batıb və 32 dənizçi təxliyə edilib. Bu barədə Asia Net News çərşənbə günü, 4 mart tarixində məlumat yayıb.

"Hakimiyyət orqanları Şri-Lanka yaxınlığında Hind okeanında olarkən səhər tezdən qəza siqnalı göndərən İran freqatı IRIS Dena-dan 32 dənizçinin xilas edildiyini təsdiqləyib", - deyə məlumatda bildirilir. Şri-Lankanın xarici işlər naziri Vijitha Herathın sözlərinə görə, gəmidə 180 nəfər olub. Xilas edilənlər xəstəxanaya aparılıb.

Hadisənin dəqiq səbəbi məlum deyil. Milan 2026 beynəlxalq dəniz təlimi və İranın da daxil olduğu Beynəlxalq Donanma İcmalı (IFR) bu yaxınlarda Hindistanın şərq sahillərində keçirilib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Amerika və müttəfiq qüvvələrinin zərbələri nəticəsində İranın "demək olar ki, donanmasını, hava qüvvələrini və hava hücumundan müdafiə sistemlərini itirdiyini" bildirib.

ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, yüzlərlə İran ballistik raketi, buraxılış qurğusu, dron və 17 gəmi məhv edilib .