"Kadr siyasəti gələcək strategiyaya xidmət edir" - ŞƏRH

4 Mart 2026 14:00 (UTC+04:00)

"Son dövrlərdə Azərbaycanda dövlət idarəçiliyi sahəsində aparılan islahatlar, xüsusilə uzun müddət vəzifədə olmuş kadrların gənc mütəxəssislərlə əvəzlənməsi prosesi diqqət çəkir. Demək olar ki, bu istiqamətdə artıq yeni mərhələ başlanmışdır".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.

O bildirib ki, paralel və ya bir-birinə yaxın funksiyalar yerinə yetirən dövlət qurumlarının birləşdirilməsi isə hazırkı mərhələdə dövlət vəsaitlərinə qənaət baxımından mühüm addım kimi qiymətləndirilə bilər: "Bu cür təmərküzləşmə idarəetmədə operativliyi və effektivliyi artırmaqla yanaşı, resurslardan daha səmərəli istifadə imkanları yaradır.

Yeni təyinatlar arasında gənclərin üstünlük təşkil etməsi də xüsusi diqqət çəkir. Bu gənc kadrların bir çoxu Avropanın və dünyanın aparıcı universitetlərində təhsil almış, beynəlxalq təşkilatlarda və nüfuzlu şirkətlərdə təcrübə qazanmış mütəxəssislərdir. Bu isə o deməkdir ki, onlar əldə etdikləri nəzəri bilik və praktik təcrübəni ölkəmizin inkişafına yönəltmək potensialına malikdirlər.

Dövlət başçısının bu gənc kadrlara göstərdiyi etimad onların üzərinə böyük məsuliyyət qoyur. Bu etimad eyni zamanda bir növ kreditdir ki, onun doğruldulması praktik fəaliyyətlə sübut olunmalıdır. Qarşıdakı dövrdə onların qazandıqları beynəlxalq təcrübədən nə dərəcədə səmərəli istifadə edəcəklərini və üzərlərinə düşən vəzifələrin öhdəsindən necə gələcəklərini müşahidə edəcəyik.

Bütövlükdə, həyata keçirilən kadr və struktur islahatları dövlət idarəçiliyinin müasirləşdirilməsi və gələcək inkişaf strategiyasının daha çevik şəkildə reallaşdırılması məqsədini daşıyır".