“Bakıda Ümumdünya Şəhərsalma Forumunun strateji əhəmiyyəti böyükdür“ - ŞƏRH OLUNDU

4 Mart 2026 12:17 (UTC+04:00)

“Son illərdə Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə yüksək peşəkarlıq və təşkilati bacarıqla ev sahibliyi etmişdir”.

Bu sözləri SİA -ya açıqlamasında politoloq Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, bu tədbirlərin uğurla həyata keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə, qlobal səviyyədə etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi mövqeyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə vermişdir:

“Müxtəlif sahələri əhatə edən bu beynəlxalq platformalar Azərbaycanın dünya arenasında fəal iştirakını və diplomatik potensialını açıq şəkildə nümayiş etdirir. Xüsusilə COP29 kimi qlobal əhəmiyyət daşıyan tədbir, ölkəmizin bu sahədə formalaşdırdığı zəngin beynəlxalq təcrübənin bariz nümunəsidir. Belə mötəbər tədbirlərin yüksək səviyyədə təşkili Azərbaycanın institusional imkanlarını, təşkilati çevikliyini və beynəlxalq standartlara uyğun fəaliyyət qabiliyyətini ortaya qoyur. Bu baxımdan, Azərbaycan yalnız iştirakçı deyil, həm də təşəbbüskar və nümunə göstərilən ölkə kimi çıxış edir.

2026-cı ilin may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası da strateji əhəmiyyətə malik beynəlxalq tədbirlərdən biridir. Forumun Azərbaycanda təşkili bir tərəfdən ölkəmizin şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə təqdimatına imkan yaradır, digər tərəfdən isə dayanıqlı urbanizasiya, müasir şəhər idarəçiliyi və inkişaf modelləri üzrə qlobal müzakirələrə töhfə verir. Forum günlərində dünya ictimaiyyətinin diqqətinin Bakıya yönəlməsi Azərbaycanın regional və qlobal əhəmiyyətini bir daha ön plana çıxaracaqdır.

Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi həm Azərbaycanın tarixi şəhərsalma ənənələrinə sadiqliyini, həm də müasir urbanistik yanaşmaları uğurla tətbiq etdiyini nümayiş etdirir. Tədbirin yüksək səviyyədə təşkili, xarici qonaqların qarşılanması, logistika və təhlükəsizlik məsələlərinin peşəkar şəkildə idarə olunması ölkənin beynəlxalq tədbirlər keçirmək sahəsində topladığı təcrübənin nəticəsidir.

Forumdan sonra Azərbaycanın göstərdiyi təşkilati uğur və peşəkar yanaşma beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanacaq. Bu isə ölkəmizin qlobal tədbirlərə ev sahibliyi edən aparıcı mərkəzlərdən biri kimi mövqeyini daha da gücləndirəcəkdir”.