"Artıq süni intellekt dünyanın aparıcı ölkələri tərəfindən prioritet istiqamət kimi qəbul olunur. Bu sahəyə yüz milyardlarla dollar vəsait ayrılır. Qeyd olunur ki, inkişaf etmiş ölkələr süni intellektin inkişafına təxminən 400 milyard dollara yaxın investisiya yönəldiblər".
Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Onun sözlərinə görə, yaxın gələcəkdə süni intellekt layihələri və proqramları qlobal miqyasda böyük sürətlə inkişaf edəcək: "Əgər biz Azərbaycan olaraq 5-10 ildən sonra bu sahədə dünyanın aparıcı ölkələri ilə rəqabət aparmaq istəyiriksə, indidən ciddi addımlar atmalıyıq. Çünki proqnozlara görə, yaxın onillikdə süni intellekt bir çox sahələri əhatə edəcək və əmək bazarına ciddi təsir göstərəcək.
Bu baxımdan hesab edirəm ki, orta məktəblərdə süni intellektlə bağlı əsas biliklərin tədrisinə başlanmalıdır. Ali təhsil müəssisələrində isə süni intellekt ixtisasları genişləndirilməli, gənclərə bu sahədə dəstək verilməlidir. Maddi-texniki baza gücləndirilməli, laboratoriyalar yaradılmalı və elmi-tədqiqat imkanları artırılmalıdır.
Təhsil sistemi də bu dəyişikliklərdən kənarda qalmayacaq. Artıq bəzi sahələrdə süni intellekt vasitəsilə proqramlar hazırlanır və tədris prosesinə inteqrasiya olunur. Bu isə o deməkdir ki, gələcəkdə müəllimlik və digər ixtisaslara müəyyən təsir qaçılmaz olacaq. Məsələn, mühasibatlıq sahəsində artıq elə proqramlar hazırlanır ki, rutin işləri avtomatlaşdırır. Bu halda əmək bazarında yalnız ən peşəkar mütəxəssislər qalacaq. Eyni vəziyyət digər sahələrə də aiddir. Buna görə də ixtisas seçərkən daha strateji yanaşmaq və öz sahəsində ən yaxşı mütəxəssis olmağa çalışmaq vacibdir.
Lakin unutmaq olmaz ki, süni intellekt bütün sahələri tam əvəz etmir. Əksinə, onun inkişafı üçün müxtəlif sahələrin peşəkarlarına ehtiyac var. Süni intellekt proqramlarını İT mütəxəssisləri hazırlayır, amma məsələn, mühasibatlıq üçün proqram yazılarkən mütləq həmin sahənin peşəkar biliklərindən istifadə olunmalıdır. Yəni hər sahənin ən güclü mütəxəssislərinə yenə də ehtiyac qalacaq.
Artıq rəqəmsallaşma və yüksək texnologiyalar dövründəyik. Əgər bu dövrlə ayaqlaşmaq istəyiriksə, təhsildən başlayaraq özümüzü bu reallığa uyğun şəkildə təşkil etməliyik. Süni intellekt gələcəkdə geniş təsir gücünə malik olacaqsa, biz də onun təməlini orta məktəblərdən qoymalı, şagirdləri erkən yaşlardan məlumatlandırmalı və bu istiqamətdə ixtisaslaşmanı təşviq etməliyik. Hesab edirəm ki, gələcəyin çağırışlarına hazır olmaq üçün bu gün düzgün strategiya qurmaq vacibdir".