Naxçıvanda hərbi sursatlar aşkar edilib

4 Mart 2026 11:36 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikası (MR) Kəngərli və Culfa rayonları ərazisində hərbi sursatlar aşkarlanıb.

SİA-nın yerli bürosu xəbər verir ki, muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda Kəngərli və Culfa rayonları ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.

Məlumatlarla əlaqədar nazirliyin pirotexnikləri hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd 120 mm top mərmisi, 3 ədəd RPQ-7 mərmisinin idarə olunmayan mühərriki, 3 ədəd 30 mm AQS mərmisi, 1 ədəd 2A42 topunun gilizi, 5 ədəd müxtəlif döyüş başlığı, 1 ədəd minaatan mərmisinin arxa pəri və 1 ədəd TM-62 tipli tank əleyhinə mina olduğu müəyyən olunub.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.