"Son bir ildə dini sahədə ciddi qanun pozuntusu olmayıb" - QURUMDAN AÇIQLAMA

4 Mart 2026 11:02 (UTC+04:00)

Son illər dünyada və regionda baş verən geosiyasi proseslər, dini radikalizm və ekstremizm meyillərinin artması bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da dini fəaliyyət sahəsinə nəzarət mexanizmlərinin daha da gücləndirilməsini zəruri edib. Dövlət tərəfindən dini etiqad azadlığının qorunması ilə yanaşı, qanunvericiliyin tələblərinə zidd fəaliyyət göstərən qrupların qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Xüsusilə qeydiyyatsız dini toplantılar, qanunsuz dini təbliğat, xarici təsir elementləri ilə əlaqəli fəaliyyətlər və radikal çağırışlar zaman-zaman hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olub.

Bu baxımdan maraq doğuran əsas suallardan biri də son bir il ərzində ölkədə qeyri-qanuni dini fəaliyyət hallarının aşkar edilib-edilməməsi, edilibsə bu faktların daha çox hansı bölgələrdə qeydə alınmasıdır. Mövzu həm təhlükəsizlik, həm də ictimai sabitlik baxımından aktuallığını qoruyur.

SİA olaraq məsələ ilə bağlı rəsmi mövqeni öyrənmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət etdik.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq və vəzifələri çərçivəsində ölkəmizdə dini sabitliyin qorunub saxlanılması məqsədilə aidiyyəti orqanlarla koordinasiyalı və çoxşaxəli fəaliyyət həyata keçirməkdədir.

Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq dini ibadət yerlərində dini ayinlərin qanunvericiliyə uyğun təşkil olunmasının təmin edilməsi məqsədilə monitorinqlər aparılır, eyni zamanda dini durumla bağlı məlumatlar təhlil edilir. Həyata keçirilən tədbirlər dini radikalizm və fanatizm hallarının qarşısının alınmasına xidmət edir. Qeyd edək ki, ümumilikdə son bir il ərzində respublikamızda dini sahədə ciddi qanun pozuntularına rast gəlinməyib və dini durum sabitdir".