Amerikalılara dərhal 14 Yaxın Şərq ölkəsini tərk etmək tövsiyə edilib

3 Mart 2026 16:38 (UTC+04:00)

ABŞ vətəndaşlarına mövcud reyslərlə səyahət etmələri və bölgədəki vəziyyətin gərginləşməsi ehtimalı səbəbindən gecikməmələri tövsiyə olunur.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti, İranın Yaxın Şərq ölkələrinə zərbələri fonunda, amerikalıları bölgəni dərhal tərk etməyə çağırıb. Dövlət katibinin konsulluq məsələləri üzrə köməkçisi Mora Namdar bu mesajı X sosial media platformasında paylaşıb.

Dövlət Departamentinin dərhal tərk etməyi tövsiyə etdiyi ölkələrin siyahısına Bəhreyn, Misir, İran, İraq, İsrail, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, eləcə də Qərb Şəriyəsi və Qəzza zolağı daxildir.

Amerikalılara mövcud kommersiya reysləri ilə getmələri və bölgədəki vəziyyətin gərginləşməsi ehtimalı səbəbindən gecikmədən tərk etmələri tövsiyə olunur.Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Buna cavab olaraq İran qüvvələri İsrailə və Yaxın Şərqdəki ABŞ hərbi bazalarına hücumlar təşkil edib. BƏƏ, Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanındakı mülki və diplomatik obyektlərə də zərbələr endirilib. Tehran Yaxın Şərq ölkələrindəki otellərə hücum edəcəyini bildirib, çünki orada ABŞ qoşunları yerləşə bilər.

ABŞ prezidenti Donald Tramp öz növbəsində qeyd edib ki, ABŞ "sonsuz" silah təchizatına malik olduğu üçün "əbədi və çox uğurla" müharibə apara bilər . Amerika lideri həmçinin zəruri hallarda İrana quru qoşunları göndərilməsini də istisna etməyib. Eyni zamanda, o, ABŞ-ın hərbi əməliyyatların dörd-beş həftə davam edəcəyini gözlədiyini bildirib .