"İşğaldan azad olunmuş ərazilərdə minalardan təmizləmə prosesi klassik hərbi əməliyyatların davamı sayılan xüsusi mühəndis-istehkam fəaliyyətidir. Döyüş fazası başa çatsa da, mina təhlükəsi faktiki olaraq post-müharibə dövründə ən ciddi təhlükəsizlik problemi olaraq qalır".
Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.
Onun sözlərinə görə, bu səbəbdən təmizləmə əməliyyatları sistemli, mərhələli və ciddi risk qiymətləndirilməsi əsasında həyata keçirilir: "Əvvəlcə kəşfiyyat və risk xəritələşdirilməsi mərhələsi icra olunur. Ərazi üzrə ilkin məlumatlar toplanır, vizual və texniki müşahidə vasitələri tətbiq edilir, mina ehtimalı yüksək olan zonalar prioritetləşdirilir. Bu mərhələdə pilotsuz uçuş aparatları, termal müşahidə sistemləri və peyk görüntüləri kimi müasir vasitələrdən istifadə olunur. Məqsəd əməliyyat sahəsini mümkün qədər dəqiq müəyyənləşdirmək və şəxsi heyətin riskini minimuma endirməkdir. İkinci mərhələdə mexaniki və əl üsulu ilə təmizləmə aparılır. Mexaniki minatəmizləmə maşınları geniş sahələrdə torpağın şumlanması və partlayıcıların detonasiya olunması üçün istifadə edilir. Dağlıq və mürəkkəb relyefli ərazilərdə isə əsas yük istehkamçıların üzərinə düşür. Burada metal detektorlar, partlayıcı maddələrin aşkar edilməsi üçün xüsusi sensorlar və xüsusi qoruyucu vasitələr tətbiq olunur. Hər bir addım ciddi protokol əsasında atılır və təhlükəsizlik qaydaları maksimum səviyyədə qorunur. Təmizləmə prosesində ən çətin məqam mina xəritələrinin tam və dəqiq olmamasıdır. Bu, əməliyyatın müddətini uzadır və risk səviyyəsini artırır. Mina tələləri, qarışıq tipli partlayıcı qurğular və improvizə edilmiş partlayıcı vasitələr əlavə təhlükə yaradır. Buna görə də əməliyyat yalnız texniki deyil, həm də yüksək peşəkarlıq və təcrübə tələb edən bir fəaliyyətdir.
Strateji baxımdan minalardan təmizləmə prosesi yalnız hərbi təhlükəsizliyi deyil, həm də mülki infrastrukturun bərpasını və əhalinin təhlükəsiz qayıdışını təmin edən əsas şərtdir. Yol, enerji, su və kommunikasiya xətlərinin çəkilməsi birbaşa olaraq mina təhlükəsinin aradan qaldırılmasından asılıdır. Bu baxımdan mühəndis-istehkam bölmələrinin fəaliyyəti post-müharibə sabitliyinin əsas dayaqlarından biridir. Minalardan təmizləmə əməliyyatları uzunmüddətli, yüksək riskli və texnoloji baxımdan kompleks bir prosesdir. Bu fəaliyyət yalnız təhlükənin aradan qaldırılması deyil, eyni zamanda azad olunmuş ərazilərdə həyatın bərpası və davamlı təhlükəsizlik mühitinin formalaşdırılması deməkdir".