“Belə bir müharibə ssenarisi bir sıra iqtisadi təsirlərə səbəb ola bilər, ilk növbədə logistika və nəqliyyat xərclərinin artması ehtimal olunur”.
Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, sərhədlərin müvəqqəti bağlanması, gömrük nəzarətinin sərtləşməsi və yol təhlükəsizliyi ilə bağlı problemlər daşınmanı çətinləşdirə bilər:
”Bu isə məhsulların bazara daha gec və daha yüksək qiymətə çatmasına gətirib çıxarır. Xüsusilə tez xarab olan məhsullar, məsələn, meyvə və tərəvəzlərdə gecikmə əlavə itkilər yaradır və satıcılar bu riski qiymətə daxil edirlər”, deyə ekspert qeyd edib.
İkinci mühüm amil kimi valyuta və maliyyə qeyri-sabitliyi göstərilib:
Müharibə zamanı İranın milli valyutasında kəskin dəyişikliklər və bank əməliyyatlarında məhdudiyyətlər yarana bilər. Ödənişlərin çətinləşməsi idxalçıların xərclərini artırır ki, bu da son nəticədə pərakəndə satış qiymətlərinə təsir edir.
Üçüncü amil təklifin azalmasıdır. Əgər istehsal bölgələrində təhlükəsizlik problemi yaranarsa və ya ixrac məhdudlaşdırılarsa, Azərbaycana gələn məhsul həcmi azalar. Tələb sabit qaldığı halda təklifin azalması qiymətlərin yüksəlməsinə səbəb olur.
Azərbaycan alternativ bazarlardan, məsələn digər qonşu ölkələrdən idxalı artıra bilər. Lakin yeni təchizat zənciri qurulana qədər keçid dövründə qiymətlərdə artım və bazarda müvəqqəti çatışmazlıq müşahidə oluna bilər.
Belə bir müharibə ssenarisi qısa və orta müddətdə İran mənşəli meyvə və tərəvəzlərin qiymətinin artması ehtimalını yüksəldir. Uzun müddətdə isə bazar yeni şərtlərə uyğunlaşdıqca qiymətlər sabitləşə bilər, lakin bu, müharibənin miqyasından və davametmə müddətindən asılı olacaq”, deyə ekspert vurğulayıb”.