"Qədim inanclar sistemində od mühüm yer tutur. Xüsusilə türk mifoloji dünyagörüşündə od müqəddəs, təmizləyici və qoruyucu gücə malik ünsür kimi qəbul edilir. Od həm həyatın, işığın, istiliyin, həm də yenilənmənin rəmzi sayılır.
Bu inancın izləri bu gün də xalq mərasimlərində, xüsusilə Novruz ənənələrində yaşamaqdadır. Tonqal qalamaq, odun üzərindən tullanmaq kimi adətlər məhz qədim od kultunun davamıdır. İnanclara görə, od insanı mənəvi və fiziki cəhətdən təmizləyir, onu bəlalardan və pisliklərdən qoruyur. Tonqalın üzərindən tullanarkən deyilən “Ağırlığım-uğurluğum odda yansın” ifadəsi də bu qədim təsəvvürlərin davamıdır".
Bu sözləri SİA-ya açıqlamasında filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova deyib.

Onun sözlərinə görə, od çərşənbəsində tonqal ətrafında toplaşmaq birlik, həmrəylik və yeni başlanğıcın simvoludur. İnsanlar odun üzərindən tullanaraq yeni ilin bərəkətli və uğurlu keçməsini arzulayırlar: "Qədim türklər oda fövqəltəbii güc kimi yanaşmış, onun işıq və istilik verməsini ilahi qüvvə ilə əlaqələndirmişlər.
Od və ocaq ailənin qoruyucusu hesab olunmuşdur. “Ocaq” anlayışı yalnız fiziki istilik mənbəyi deyil, həm də ailənin, soyun davamlılığının rəmzidir. Ocağın sönməsi ailə bədbəxtliyi kimi qəbul edilmiş, buna görə də “Ocağın sönməsin” duası formalaşmışdır. Ocağa hörmətsizlik etmək - onun üzərinə çirkli bir şey atmaq, su tökərək söndürmək və ya külünü ayaqlamaq - yolverilməz sayılmışdır.
Kənd yerlərində Novruz günlərində, xüsusilə çərşənbələrdə ocaq külünün başqa evə verilməməsi inancı mövcuddur. İnanca görə, külün verilməsi evin bərəkətinin getməsinə səbəb ola bilər. Qədim türklərin köçəri həyat tərzində isə insanlar bir yerdən digər yerə köçərkən ocağın külünü özləri ilə aparar, yeni məskəndə həmin kül vasitəsilə ocağı yenidən qalayardılar. Bu, həm soyun, həm də həyatın davamlılığının rəmzi idi.
Azərbaycan aşıq poeziyasında da od və ocaq ilahi eşqin, ilhamın və daxili yanğının simvolu kimi təqdim olunur. Beləliklə, od kultu təkcə mifoloji təsəvvür deyil, həm də xalqın dünyagörüşünü, təbiətə münasibətini və mənəvi dəyərlərini əks etdirən zəngin bir inanc sistemidir.
Bu gün də dilimizdə işlənən “Elə getdi, kül saldı, gəlmədi” kimi ifadələr həmin qədim inancların izlərini yaşadır. Kül salmaq qədim türk inanclarında bünövrə qurmaq, artıb inkişaf etmək, ərazidə yeni həyatın başlanğıcını simvollaşdırır. Bu baxımdan od kultu qədim türklərin mifoloji dünyagörüşündə ən mühüm anlayışlardan biri sayılır. Tarix boyu oda inanmaq həm Novruz bayramında, həm də od çərşənbəsində özünü göstərmişdir.
Od çərşənbəsində tonqalın qalanması evin qapısı və giriş hissəsində edilir. İnanca görə bu, mənfi auralardan və ruhlardan qorunmaq üçün həyata keçirilir. Hətta həmin gün evin işıqları yanmalı, ocağı qapıya yaxın yandırılmalı idi ki, uzaqda olan doğmaların, əzizlərin ruhları evimizi tapa bilsin. İnanclara görə, ruhlar evin işığını və qaynar qazanını gördükdə rahatlaşır, ailənin xoşbəxt olduğunu hiss edir və özü də sülh və xoşbəxtlik tapır. Od çərşənbəsi həm də xeyirin şər üzərində, işığın qaranlıq üzərində qələbəsini simvollaşdırır. Qərb bölgəsi və Qarabağda od çərşənbəsində “Löxələr” hazırlanırdı. Bunun üçün bir gün əvvəl ağac çubuqlarına evdə artıq olan paltar və əşyalar dolanır, bərk bağlanırdı. Uşaqlar üçün ayrıca löxələr hazırlanır və göyə atılırdı ki, işığın qaranlıq üzərində qalibiyyəti göy üzərində də simvolizə olunsun.
Od çərşənbəsi zamanı insanlar tonqalın ətrafında yığışar, qonşular bir-birini ziyarət edərdilər. Ocaq sönəndən sonra nənələr və böyüklər yanmış tonqalın külünün ətrafına gələr, niyyətlərini söyləyər və eşitdikləri ilk səsi öz arzularına uyğun yozardılar. Beləliklə, od çərşənbəsi həm mənəvi təmizlənmə, həm də ailə və icmanın birliyini simvollaşdıran qədim ənənə kimi qorunub saxlanmışdır.
Çərşənbə günlərində xalqımız həm də öz zəngin mədəniyyətini qoruyub saxlayardı. Bu günlərdə ocaqlar qalanar, qazanlar qaynar, şirniyyatlar bişirilərdi. Rayonlarda sac üstündə çörək bişirilər, ərişdə hazırlanardı ki, həm ev bərəkətli olsun, həm də süfrələr dolu-dolu olsun. Qərb bölgəsində bu ənənəyə xüsusilə diqqət yetirilərdi, çünki orada aş-pulov mütləq ərişdə ilə dəmlənərdi. Qarabağ və Qərb bölgələrində bu ənənələr yaxın keçmişdə daha geniş yaşanırdı, müasir dövrdə isə yalnız yaddaşlarda qalmışdır.
Kəndlərin başında qar zalı çalınar, Novruzun gəlişi haqqında bütün xalq məlumatlandırılardı. Kəndirbazlar gəlir, oyunlarını idarənin qarşısında nümayiş etdirərdilər, uşaqlar isə Novruz bayramının gəlişini bu əyləncələrlə də qarşılayardılar. Dirədöymə oyunları təşkil olunardı və kənd sakinləri bu oyunlarda fəal iştirak edərdilər. Sonra at yarışları keçirilərdi. Təəssüf ki, bu ənənələrin bir çoxu müasir dövrdə artıq qorunmayıb, yalnız yaddaşlarda qalıb".