”İlham Əliyev ilə Aleksey Overçuk arasında keçirilən görüş çərçivəsində Rusiya vətəndaşlarının İran İslam Respublikası ərazisindən təxliyəsində Azərbaycanın göstərdiyi operativ dəstək, ilk növbədə, ölkənin situativ deyil, institusional xarakter daşıyan regional humanitar siyasətini nümayiş etdirir”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib .
Onun sözlərinə görə, bu addım göstərir ki, Bakı mürəkkəb geosiyasi konfiqurasiyalarda emosional və ya blok məntiqi ilə deyil, praqmatik və məsuliyyətli dövlət davranışı modeli ilə çıxış edir.
Humanitar tranzit imkanlarının sürətlə səfərbər olunması Azərbaycanın logistika infrastrukturu, sərhəd idarəçiliyi və təhlükəsizlik mexanizmlərinin koordinasiyalı işlədiyini ortaya qoyur. Eyni zamanda, bu, ölkənin yalnız enerji və nəqliyyat dəhlizləri üzrə deyil, böhran menecmenti sahəsində də etibarlı platforma olduğunu təsdiqləyir. Belə davranış modeli Azərbaycanın beynəlxalq imicini sabitlik ixrac edən, riskləri minimallaşdıran və regional balansı qoruyan aktor kimi möhkəmləndirir.
Digər tərəfdən, bu addım Azərbaycanın böhran vəziyyətlərində tranzit və təhlükəsiz tərəfdaş kimi rolunun strateji dərinlik qazandığını göstərir. Praktik əməkdaşlıq formatında atılan bu cür addımlar dövlətlərarası münasibətlərdə etimad kapitalını artırır və siyasi dialoqun institusional əsaslarını gücləndirir.
Xüsusilə Rusiya ilə əməkdaşlıq müstəvisində humanitar dəstək mexanizmi ikitərəfli münasibətlərin yalnız siyasi bəyanatlar səviyyəsində deyil, real əməli koordinasiya üzərində qurulduğunu nümayiş etdirir. Bu isə regionda qarşılıqlı asılılıq modelini daha konstruktiv çərçivəyə salır və potensial eskalasiyaların qarşısının alınmasına töhfə verir. Nəticə etibarilə, Azərbaycan bu kimi situasiyalarda neytral, funksional və təhlükəsiz platforma kimi çıxış etməklə regional sabitliyin qorunmasında aktiv vasitəçi və təminatçı rolunu daha da gücləndirir”.