“Son illər informasiya texnologiyalarının sürətlə inkişafı, xüsusən də süni intellektin bütün sahələr üzrə geniş tətbiqi informasiya əldə etmək hüququnun reallaşdırılmasına əhəmiyyətli dərəcədə təsir göstərir”.
SİA xəbər verir ki, bu fikirləri Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Milli Məclisin plenar iclasında 2025-ci ildəki fəaliyyəti ilə bağlı illik məruzəsini təqdim edərkən səsləndirib.
Ombudsman qeyd edib ki, rəqəmsallaşma prosesi xüsusilə fərdi məlumatların və qanunla əldə olunmasına məhdudiyyət qoyulan digər məlumatların qorunması baxımından yeni çağırışlar yaradır: “Bu vəziyyət hüquqi tənzimləmələrin təkmilləşdirilməsini və yeni təhlükəsizlik mexanizmlərinin tətbiqini zəruri edir”.
Səbinə Əliyeva bildirib ki, prioritet istiqamətlərin müəyyən edilməsi, normativ-hüquqi bazanın gücləndirilməsi, süni intellektdən düzgün və məsuliyyətli istifadə mexanizmlərinin formalaşdırılması, nəzarət tədbirlərinin artırılması, eyni zamanda rəqəmsal savadlılığın və məlumat təhlükəsizliyi mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə maarifləndirici proqramların həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Ombudsman informasiya əldə etmək hüququnun daha səmərəli təmin olunması üçün “İnformasiya əldə etmək haqqında” qanunvericiliyə dəyişikliklərin edilməsini də təklif edib. Onun sözlərinə görə, fiziki şəxslərin özləri barədə fərdi məlumatları təbii inhisar subyektlərindən informasiya sorğusu əsasında əldə etmək imkanını məhdudlaşdıran normanın aradan qaldırılması məqsədəmüvafiqdir.
Səbinə Əliyeva çıxışında rəqəmsallaşdırma və süni intellektin əmək münasibətlərinə təsirinə də toxunub. O vurğulayıb ki, texnoloji dəyişikliklərə hazırlıq məqsədilə regionlar üzrə əmək bazarının öyrənilməsi, işçilərin hüquqlarının qorunmasına yönəlmiş kollektiv tədbirlər planının hazırlanması, süni intellektin tətbiqi nəticəsində ixtisar olunacaq və ya adaptasiya çətinliyi yaşayacaq şəxslər üçün dəstək mexanizmlərinin yaradılması olduqca zəruridir.
Ombudsman qeyd edib ki, bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi əsas şərtlərdən biridir.