2 mart 2026-cı il tarixində İran İslam Respublikasının Azərbaycandakı Səfirliyində İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilunun mətbuat konfransı keçirilib.
SİA xəbər verir ki, tədbirdə çıxış edən səfir son günlər regionda baş verən hərbi-siyasi hadisələrə münasibət bildirib. O qeyd edib ki, İran və ABŞ arasında Cenevrədə aparılan dialoqun davamı kimi Vyanada ekspertlər səviyyəsində görüşlərin planlaşdırıldığı bir vaxtda İrana qarşı hərbi təcavüz baş verib. Səfir bu addımı beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib.
Diplomat bildirib ki, İran İslam Respublikası özünün legitim özünümüdafiə hüququndan istifadə edərək cavab tədbirləri həyata keçirir və hədəflər yalnız hərbi məqsədlər üçün istifadə olunan bazalardır. Onun sözlərinə görə, İranın addımları dost və qonşu ölkələrə qarşı yönəlməyib.
Səfir çıxışında mülki obyektlərin – məktəblərin, idman zallarının, xəstəxananın və media binasının hədəf alındığını vurğulayaraq, bunu qəbuledilməz adlandırıb. Bildirilib ki, hücumlar nəticəsində çoxsaylı mülki şəxslər həyatını itirib, xeyli sayda yaralı var.
Müctəba Dəmirçilu qeyd edib ki, İran hadisələrlə bağlı beynəlxalq təşkilatlara müraciət edib, o cümlədən BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılmasını tələb edib. Həmçinin məsələ ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinə etiraz ünvanlandığı bildirilib.
Konfrans zamanı səfir Hürmüz boğazı ilə bağlı məsələyə də toxunub və hazırda boğazın bağlanmadığını, lakin İranın milli maraqları tələb edərsə, bütün variantların nəzərdən keçirilə biləcəyini qeyd edib.
O, həmçinin Azərbaycanın rəhbərliyi və xalqının başsağlığı və həmrəylik mesajlarına görə təşəkkürünü ifadə edib.
Sonda səfir bildirib ki, hadisələrlə bağlı məlumatlar mütəmadi olaraq media nümayəndələrinə təqdim ediləcək.