Mərkəzi Gömrük Hospitalının həkim-endokrinoloqu Dr.Şəbnəm Əlirzayeva ilə Ramazan ayında sağlam və balanslı qidalanma qaydalarını, iftar və imsakda diqqət edilməli məqamları barədə sualları cavablandırıb. Ramazan ayı həm mənəvi təmizlik, həm də sağlamlıq baxımından xüsusi bir dövrdür. Bu müqəddəs ayda oruc tutmaq bədənimiz üçün də müəyyən dəyişikliklər yaradır. Gündəlik qidalanma rejimimizdən fərqli olaraq, gün ərzində uzun müddət ərzaq və maye qəbul etmədiyimiz üçün orqanizmimiz enerji, maye və qida balansını qorumağa çalışır. Bu müddətdə düzgün qidalanmaq və diqqətli olmaq sağlam oruc tutmağın əsas şərtlərindəndir.
-Şəbnəm xanım, Ramazan ayında qidalanma gündəlik qidalanmadan nə ilə fərqlənir?
-Ramazan ayında qidalanma digər aylardan fərqlidir. Normalda gün ərzində 3-4 dəfə qidalanırıq, amma bu ay gündə yalnız 2 dəfə yemək qəbul edirik – iftar və imsak zamanı. Bunun nəticəsində orqanizmimiz 17 saata qədər qida və su almır. Bu fasilə bədəndə enerji çatışmazlığı yarada bilər, maddələr mübadiləsini zəiflədir, insulinin miqdarı isə artır. Oruc tutan insanlarda baş ağrısı, halsızlıq, köp, həzm sistemi problemləri və hətta böyrək narahatlıqları müşahidə oluna bilər.
-Bəs bu problemlərin qarşısını almaq üçün nə etmək lazımdır?
-Ən önəmlisi düzgün qidalanma və maye balansını qorumaqdır. Ramazan ayında özümüz üçün menyu tərtib etməli, orqanizm üçün lazımi qidaları daxil etməliyik. İftar və imsak arasında maye qəbulunu tənzimləmək vacibdir – gündəlik 2-2,5 litr maye içmək lazımdır. Əks halda bədəndə maye balansı pozulur, qan təzyiqi düşür, mədədə ağrılar və həzm problemləri yaranır. Su ilə yanaşı, ayran, təzə sıxılmış meyvə və tərəvəz şirələri, mineral sular və bitki çaylarından da istifadə etmək olar. Təəssüf ki, bəzən insanlar səhvən yalnız bir qədər su içməklə kifayətlənir və qida qəbul etmirlər. Bu, orqanizm üçün zərərlidir və müxtəlif sağlamlıq problemlərinə yol aça bilər.
- İftar və imsak zamanı hansı qidalardan uzaq durmaq daha faydalıdır?
-İftarda və imsakda qızartma, çox yağlı, ədviyyatlı, kolbasa, sosiska və duzlu yeməklərdən uzaq durmaq lazımdır. Bu qidalar daha çox susuzluğa səbəb olur və oruc tutmağı çətinləşdirir. Ağ çörək, plov, qızardılmış kartof kimi qidalar qan şəkərini sürətlə yüksəldir və enerji artımı yaratsa da, uzun müddət toxluq təmin etmir. Bunun əvəzinə bulqur plovu, kəpəkli çörək kimi daha yavaş həzm olunan və faydalı qidaları seçmək tövsiyə olunur. Şirniyyatlara gəldikdə isə, həddən artıq şərbətli və yağlı şirniyyatlardan uzaq durmaq lazımdır. Südlü və ya meyvəli şirniyyatları həftədə 1-2 dəfə qəbul etmək olar.
-Yeməklərin hazırlanması və bişirilməsi ilə bağlı hansı tövsiyələriniz var?
-Yeməkləri yavaş-yavaş yemək və yaxşı çeynəmək çox önəmlidir. Bişirmə üsulları da vacibdir – qida soyutma, qaynadılmış və sobada bişmiş şəkildə hazırlanmalıdır. Ramazan ayında qan şəkərini sürətlə artıran un məmulatlarından, məsələn, bulka, düşbərə, qutab, əriştə, xəngəl və s. istifadə etməmək tövsiyə olunur. Bu qidalar köp əmələ gətirir, gec həzm olunur, qan şəkərini sürətlə yüksəldir və digər sağlamlıq problemlərinə yol açır.
-Oruc tutarkən faydalı yağ və mineralları necə təmin etmək olar?
-İftarda və imsakda omega-3 ilə zəngin qidalar – məsələn, qoz, badam kimi qidalar qəbul etmək faydalıdır. Bu qidalar həm ürək-damar sistemini qoruyur, həm də enerji ilə təmin edir.
-Sonda oruc tutanlara hansı mesajı vermək istərdiniz?
-Ramazan ayında düzgün qidalanmaq və maye balansını qorumaq çox vacibdir. Bu qaydalara əməl etməklə oruc sağlam və rahat şəkildə tutulur. Allah oruc və dualarınızı qəbul etsin!
Dilarə Zamanova
Mərkəzi Gömrük Hospitalının
PR üzrə mütəxəssisi