"2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan olunması İlham Əliyev tərəfindən həyata keçirilən uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, bu qərar təkcə memarlıq sahəsinə diqqətin artırılması deyil, eyni zamanda dövlətin post-münaqişə mərhələsində formalaşdırdığı yeni inkişaf modelinin konseptual çərçivəsinin təqdimatıdır: "Postmüharibə dövründə azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri şəhərsalma siyasətini milli təhlükəsizlik və sosial sabitlik məsələsi səviyyəsinə yüksəldib. Yeni şəhər və kəndlərin salınması, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, infrastrukturun sıfırdan qurulması Azərbaycanın urbanizasiya modelini regionda fərqləndirən əsas amillərdəndir. Bu baxımdan “Şəhərsalma və Memarlıq İli” yalnız simvolik xarakter daşımır, həm də institusional və normativ bazanın təkmilləşdirilməsi, beynəlxalq təcrübənin tətbiqi və yerli memarlıq məktəbinin gücləndirilməsi məqsədi daşıyır. Digər tərəfdən, şəhərsalma siyasəti milli kimliyin ifadə vasitəsidir. Azərbaycan şəhərləri tarixən Şərq və Qərb memarlıq üslublarının sintezini əks etdirib. Müasir mərhələdə isə məqsəd tarixi-mədəni irsi qorumaqla yanaşı, innovativ və ekoloji baxımdan davamlı mühit formalaşdırmaqdır. Bu, həm də ölkənin beynəlxalq imicinə təsir göstərir. Çünki urban inkişaf modeli dövlətin idarəetmə fəlsəfəsini, planlaşdırma qabiliyyətini və strateji baxışını nümayiş etdirir.
Daxili siyasət kontekstində bu qərar regionların balanslı inkişafını sürətləndirə, investisiya mühitini yaxşılaşdıra və məşğulluq imkanlarını artıra bilər. Xüsusilə tikinti və infrastruktur sektorunda aktivliyin yüksəlməsi iqtisadi şaxələndirməyə müsbət təsir göstərir. Paralel olaraq, memarlıq irsinin qorunması cəmiyyətin tarixi yaddaşının möhkəmləndirilməsinə xidmət edir. “Şəhərsalma və Memarlıq İli” təşəbbüsü dövlətin strateji planlaşdırma mərhələsində yeni keyfiyyət mərhələsinə keçidi ifadə edir və Azərbaycan modelinin həm regional, həm də qlobal miqyasda təqdimatına xidmət edən mühüm siyasi qərar kimi qiymətləndirilə bilər".