“Sosial mediada təhqir və əxlaqsız ifadələrə qarşı hüquqi məsuliyyət gücləndirilir“ -HÜQUQŞÜNAS DANIŞDI

2 Mart 2026 16:28 (UTC+04:00)

“Sosial şəbəkələrin geniş yayılması insanların fikir və düşüncələrini sərbəst ifadə etməsinə imkan yaratsa da, bu azadlıq hüquqi məsuliyyətlə yanaşı mövcuddur. Son dövrlərdə sosial mediada təhqir, söyüş və ictimai əxlaqa zidd davranışların artması hüquq müstəvisində ciddi müzakirə mövzusuna çevrilib”.

Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik edən, açıq və nalayiq ifadələr işlədən şəxslər qanunvericiliyə uyğun şəkildə inzibati məsuliyyət daşıyırlar:

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin 2-ci hissəsinə əsasən ictimai yerlərdə və ya internet məkanında söyüş söymək, əxlaqsız ifadələr işlətmək, habelə bədənin müəyyən hissələrini açıq şəkildə nümayiş etdirməklə ictimai qaydanı pozan şəxslər 500 manatdan 1000 manatadək cərimə edilə bilər. Hüquqşünas qeyd edir ki, bu cür davranışların məqsədi fərdi ifadə azadlığı deyil, cəmiyyətin mənəvi dəyərlərinə zərər vurmaq kimi qiymətləndirilir.

Qanunvericiliyə görə, həmin əməl bir il ərzində təkrar törədilərsə, məsuliyyət daha da sərtləşir. Bu halda İnzibati Xətalar Məcəlləsinin 510.3-cü maddəsinə uyğun olaraq şəxslər 1000 manatdan 2000 manatadək cərimə və ya 1–2 ay müddətinə inzibati həbs cəzası ilə üzləşə bilər. Hüquqi mexanizmlərin sərtləşdirilməsi sosial mediada etik davranışın qorunmasına yönəlib.

Bununla yanaşı, təhqirə məruz qalan şəxsin ayrıca hüquqları da mövcuddur. Zərərçəkən şəxs xüsusi ittiham qaydasında məhkəməyə müraciət edə bilər. Belə hallarda təhqir edən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb oluna bilər ki, bu da artıq inzibati deyil, cinayət hüququ çərçivəsində qiymətləndirilir.

Ekspertlər hesab edir ki, sosial mediada etik davranış qaydalarına riayət olunması həm fərdi hüquqların qorunması, həm də sağlam ictimai mühitin formalaşdırılması üçün vacibdir. Rəqəmsal platformalarda paylaşım edən hər bir istifadəçi bilməlidir ki, virtual mühit real hüquqi məsuliyyətdən kənar deyil və internetdə yazılan hər fikir hüquqi qiymətləndirməyə səbəb ola bilər”.