ABŞ kəşfiyyat analitiki: “Amerika niyə İranı məğlub edə bilməyəcək?”

2 Mart 2026 18:16 (UTC+04:00)

...Keçmiş yüksək vəzifəli məmur Rey MakQovern ABŞ və İsrailin İrana hücumlarının “təhlükəli bir qumar” olduğunu və onun fikrincə, yüz minlərlə insanın ölümünə səbəb ola biləcəyini bildirib.

O, hesab edir ki, Prezident Donald Trampın administrasiyası bu müharibəni siyasi, hərbi və ictimai səbəblərin kombinasiyası səbəbindən “qalib gəlməyəcək”.

SİA-nın əldə etdiyi məlumata görə, “Əl-Cəzirə Mubasher”ə verdiyi müsahibədə MakQovern ABŞ-ın uğursuzluğu ilə bağlı proqnozunun bir neçə amilə əsaslandığını izah edib.

Və beləliklə..:

1. Zəif ictimai dəstək: MakQovern qeyd edir ki, Amerika cəmiyyətindəki ümumi əhval-ruhiyyə müharibəyə meylli deyil. Onun sözlərinə görə, amerikalıların yalnız 25 faizi İrana qarşı müharibəni dəstəkləyir. Onun fikrincə, bu qədər ictimai müxalifətlə böyük bir müharibə aparmaq istənilən administrasiyanın münaqişəni davam etdirmək və ya qəti qələbə qazanmaq qabiliyyətini zəiflədir.

2. İsrailə dəstəyin azalması. O, ABŞ-da İsrailə dəstəyin “əhəmiyyətli dərəcədə azaldığını2 qeyd edərək, “amerikalılar yaxşı insanlardır, soyqırımı və aclığı sevmirlər”-deyə bildirib. O, bunun, müharibəni haqlı çıxarmağa çalışarkən ABŞ administrasiyasının siyasi sərbəstliyini azaltdığını iddia edib.

3. Diplomatik çöküş. Analitik İranla danışıqların “çökmək üzrə olduğunu” bildirib. O, Cenevrə prosesində iştirak edən Omanın xarici işlər naziri Bədr əl-Busaidinin əhəmiyyətli irəliləyişdən və razılaşmanın yaxınlığından danışdığını qeyd edib. “Nəticə əldə etmək ehtimalına nikbin baxırdım”, - deyə MakQovern bildirib və əlavə edib ki, İrana zərbə endirmək qərarı yaxınlaşan siyasi razılaşmaya baxmayaraq verilib.

4. İranın təbiəti və imkanları ilə bağlı səhv qiymətləndirmə. MakQovern müharibəyə getmək qərarını “axmaq bir addım” adlandırıb və İranın “2003-cü ildəki İraq kimi olmadığını” vurğulayıb. Onun sözlərinə görə, Tehranın “qarşılaşmaq üçün gücü, istəyi və qətiyyəti” var və bu, onunla hər hansı bir müharibəni uzun və baha başa gətirir.

5. İslamofobiya vasitəsilə düşmən obrazı yaratmaq artıq təsirli deyil. Amerikalı analitik 11 sentyabr hadisələrindən sonra “İslamofobiya”nın artması mövzusuna toxunub və bu ritorikanın artıq Amerika ictimai rəyini inandırmadığını bildirib. O, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon-A.B.) 2004-cü il tarixli hesabatına istinad edərək “Müsəlmanlar azadlığımızdan nifrət etmirlər - onlar siyasətimizdən nifrət edirlər”,- deyib. Onun sözlərinə görə, ABŞ-da ictimai rəy o vaxtdan bəri əhəmiyyətli dərəcədə dəyişib.

6. Rəqibləri təcrid etmək əvəzinə, onları birləşdirmək riski. Rey MakQovern xəbərdarlıq edib ki, ali lider Əli Xamenei də daxil olmaqla əsas fiqurları hədəf almaq təkcə İran daxilində deyil, həm də şiələr və bəzi sünnilər arasında insanları birləşdirə bilər. Onun fikrincə, bu, münaqişəni məhdudlaşdırmaq əvəzinə, onun əhatə dairəsini genişləndirəcək. O, bu müharibənin “Trampın qazana bilməyəcəyi bir macəra” olduğunu və nəticəsinin yüksək ölüm sayı ilə “kədərli bir hekayə” olacağını bəyan etməklə yekunlaşdırıb...

Deməli, xatırlanır ki, 28 fevralda İsrail və ABŞ İrana kütləvi hücumlar təşkil edərək yüzlərlə insanın ölümünə səbəb oldular. Buna cavab olaraq Tehran İsrailə, eləcə də bölgədəki Amerika bazaları olduğunu iddia etdiyi ərazilərə zərbələr endirib.

Əli Babayev