"Azərbaycan dövləti, xüsusilə Prezidentin xarici siyasətində əsas istiqamətlərdən biri məhz Qarabağ məsələsidir. Bu məsələ müxtəlif sahələrdə özünü göstərir".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, Qarabağda yenidənqurma tədbirlərinin həyata keçirilməsi, bölgənin Azərbaycanın ayrılmaz hissəsi kimi beynəlxalq ictimaiyyətə tanıdılması, eləcə də ideoloji və informasiya təşviqatının aparılması bu istiqamətdə görülən prioritet işlərdəndir: "Qarabağ məsələsi yalnız Azərbaycan üçün deyil, bütövlükdə Qafqaz regionunun sabitliyi baxımından da strateji əhəmiyyət daşıyır.
Bu baxımdan Ermənistan hakimiyyəti artıq Qarabağla bağlı Azərbaycanın mövqeyini qəbul etməkdədir. Çünki əks mövqenin davam etdirilməsi regionda sülh və sabitliyə təhdid yarada bilərdi. Hazırda Ermənistan hakimiyyətinin sülh prosesinə maraqlı olduğu müşahidə olunur.
Dövlət başçısının Qarabağa səfərləri, bölgədə keçirdiyi görüşlər və yerli sakinlərlə ünsiyyəti həm siyasi, həm psixoloji, həm də informasiya müharibəsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu səfərlər Azərbaycan xalqına, beynəlxalq ictimaiyyətə və Ermənistan tərəfinə ünvanlanan mühüm mesaj kimi qiymətləndirilir".