"Kadr siyasəti dəyişən dünya reallıqları ilə ayaqlaşır" - POLİTOLOQ

2 Mart 2026 15:18 (UTC+04:00)

"Azərbaycanda islahatlar prosesi ildən-ilə inkişaf edir və bunlardan ən önəmli sahələrdən biri, şübhəsiz ki, kadr islahatlarıdır".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: "Bu istiqamət indiki mərhələdə xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycan dəyişən dünya reallıqları ilə inteqrasiya edən bir ölkədir və kadr siyasəti də bu proseslə ayaqlaşmalıdır.

Köhnə kadrların təcrübəsi dövlət üçün qiymətlidir. Lakin artıq əsas diqqət təhsilli, Avropa və Amerika təhsili almış, yüksək bilik və bacarıqlara malik yeni nəsil kadrların hazırlanmasına və təyinatına yönəlib. Bu isə Azərbaycanın dəyişən proseslərə uyğunlaşdığını və yeni nəslin dövrün şərtləri ilə ayaqlaşa bildiyini göstərir.

Eyni zamanda, dövlətlərin qarşılaşdığı əsas problemlərdən biri bürokratik əngəllərdir. Vətəndaşla dövlət arasındakı effektiv kommunikasiya məmurlar vasitəsilə təmin olunur. Buna görə də kadr seçimi və təyinatı strateji əhəmiyyət daşıyan qərarlardır. Uğurlu kadr siyasəti dövlət sabitliyini möhkəmləndirir, vətəndaş rifahını yüksəldir və insanların dövlətə inamını artırır.

Bürokratik maneələr və vətəndaşla dövlət arasındakı fikir ayrılıqları sosial və idarəetmə böhranlarına səbəb ola bilər. Ona görə də kadr islahatlarının əsas prinsipləri şəffaflığın təmin edilməsi, operativliyin artırılması və sağlam kommunikasiya mühitinin formalaşdırılması olmalıdır. Bu istiqamətdə aparılan işlər həm dövlət idarəçiliyinin səmərəliliyini artırır, həm də vətəndaşların etimadını gücləndirir".