“Azərbaycan münaqişələrin qarşısını almaq və sülhün tərəfdarıdır” - EKSPERT DANIŞDI

2 Mart 2026 14:39 (UTC+04:00)

“Azərbaycan regionda və dünyada qarşıdurmaların və münaqişələrin tərəfdarı deyil”.

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib.

Onun sözlərinə görə, ölkə münaqişənin mahiyyətini, müharibənin gətirdiyi ağrıları, gözyaşını və məhrumiyyətləri yaxşı bilir. Bu səbəbdən Azərbaycan hər zaman çalışır ki, sülh, qarşılıqlı anlaşma və dialoq mühiti təmin edilsin:

“Təəssüflər olsun ki, bəzən bu qarşılıqlı anlaşma əldə edilmir və nəticədə münaqişələr yaranır. Azərbaycan həmişə bu çağırışı edir: məsələləri zor tətbiqi və müharibə yolu ilə deyil, masa arxasında oturaraq danışıqlar yolu ilə həll etmək lazımdır.

Qonşu İranda baş verən hadisələr Azərbaycana birbaşa aid məsələlərdir. Orada təxminən 40–50 milyon soydaşımız yaşayır və İran həm tarixi, həm də coğrafi baxımdan Türk dünyasının bir hissəsini təşkil edir. Buna görə də Azərbaycan qonşuluğunda hər hansı bir müharibənin baş verməsini istəmir.

Eyni zamanda, Azərbaycanın ABŞ və İsraillə çox yaxşı və dost münasibətləri mövcuddur. İranla da ölkəmizin yaxın və səmimi diplomatik əlaqələri vardır. Bu kontekstdə Azərbaycan üçün vacib olan prinsip odur ki, regiondakı dövlətlər arasında qarşıdurma və münaqişələr yaranmasın. Ölkə hər zaman sülhün tərəfdarı olmuş, dialoq və əməkdaşlıq mühitinin gücləndirilməsinə çalışmışdır.

Azərbaycan regionda davamlı sülhün qorunmasına, münaqişələrin qarşısının alınmasına və qarşılıqlı anlaşma mühitinin inkişafına mühüm töhfə vermək missiyasını daşıyır. Ölkənin xarici siyasətinin prioritetləri arasında hər zaman münaqişələrin diplomatik yolla həlli və bölgədə sabitliyin təmin olunması yer alır”.