“İşğaldan azad olunmuş ərazilər çox böyük kənd təsərrüfatı potensialına malikdir. Uzun illər bu torpaqlar əkilib-becərilib və Azərbaycanın iqtisadiyyatına böyük töhfələr veriblər”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
Onun sözlərinə görə, bu ərazilərdə taxıl, pambıq, üzüm və digər kənd təsərrüfatı məhsulları yetişdirilib, heyvandarlıq inkişaf etdirilib:
”Sovetlər dövründə bu torpaqlar ölkə iqtisadiyyatının gəlirli sahələrindən birinə çevrilmişdi. Ancaq 30 il işğal dövründə bu torpaqlar kortəbii şəkildə becərilmiş, istismara məruz qalmışdır. Burada olan bir çox mühüm məsələlər demək olar ki, ləğv edilmiş, talan olunmuşdur. Torpaqların uzun illər aqrotexniki qaydada əkilib-becərilməməsi çox ciddi problemlər yaratmışdı.
Qələbədən sonra isə bu ərazilərdə həyat yenidən canlanmağa başlayıb. Torpaqların əkin dövriyyəsinə daxil edilməsi üçün vacib tədbirlər həyata keçirilir. Lazımi infrastruktur layihələrinin tətbiqi, ərazilərin abadlaşdırılması, insanların öz yurd-yuvalarına qayıtması artıq həmin torpaqlara yeni həyat verir və torpaqlar əkilib-becərilməyə başlanıb. Son illərdə 100 min hektarlarla əkin sahəsi torpaq əkin dövriyyəsinə daxil edilib və həmin sahələrdə dənli, paxlalı bitkilər və digər kənd təsərrüfatı məhsulları yetişdirilib. Heyvandarlıq inkişaf etdirilib; hər yay dağlıq rayonlara, xüsusilə Kəlbəcər yaylaqlarına heyvanlar çıxarılır, arı ailələri bəslənir.
Sözsüz ki, minalardan təmizlənmiş torpaqların əkin dövriyyəsinə qatılması üçün bir çox aqrotexniki tədbirlər həyata keçirilir. Bir neçə il ərzində həmin torpaqlar ölkənin kənd təsərrüfatına yüksək məhsul verəcək. Taxıl, pambıq, üzüm, bostan və tərəvəz məhsullarının yetişdirilməsi üçün həmin torpaqlar çox münbitdir. Digər tərəfdən, dağlıq ərazilərdə, xüsusilə Kəlbəcər, Laçın, Cəbrayıl və Qubadlıda heyvandarlığın inkişafı üçün yaxşı imkanlar mövcuddur.
Bu potensialın inkişaf etdirilməsi ölkənin kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaqdır. Bu gün həmin ərazilərdə çox böyük tikinti, bərpa və quruculuq işləri davam etdirilir və cənab İlham Əliyev elə bir ay, elə bir həftə olmur ki, həmin ərazilərə səfər etməsin, işlərin gedişi ilə maraqlanmasın.
Çox mühüm layihələr həmin ərazilərdə yalnız kənd təsərrüfatının deyil, həm də turizm, mədəniyyət və digər sahələrin inkişafına zəmin yaradacaqdır. Azərbaycanın iqtisadiyyatının inkişafının sürətləndirilməsi üçün yeni yollar araşdırılır və gələcəkdə işğaldan azad olunmuş ərazilər iqtisadiyyatın inkişafına layiqli töhfəsini verəcəkdir”.