İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil bildirib ki, ölkəsi atdığı addımlarla paralel olaraq beynəlxalq müstəvidə də hüquqa uyğun tədbirlər görməyə hazırdır.
SİA xəbər verir ki, səfir bu fikirləri mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
Onun sözlərinə görə, hadisə baş verən kimi İran İslam Respublikası BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib. “Xarici işlər naziri həm beynəlxalq qurumlara, həm də Təhlükəsizlik Şurasının sədrinə məktub ünvanlayaraq hərbi təcavüzün məhkum olunmasını və dayandırılması üçün lazımi addımların atılmasını xahiş edib”, – deyə səfir vurğulayıb.
Müctəba Dəmirçil qeyd edib ki, hazırda gündəlikdə beynəlxalq ictimaiyyət və təşkilatlarla əməkdaşlığın genişləndirilməsi dayanır: “Məqsəd hərbi təcavüzün dayandırılması və proseslərin təcili şəkildə nəzarət altına alınmasıdır. İran beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq bütün mövcud diplomatik və hüquqi mexanizmlərdən istifadə edir”.