İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil bildirib ki, hərbi hücumlar davam etdiyi halda İranın cavabsız qalması gözlənilə bilməz.
SİA xəbər verir ki, səfir bu fikirləri mətbuat konfransında çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, qarşı tərəf hərbi təcavüzü davam etdirərkən İran İslam Respublikasının heç bir addım atmaması düzgün yanaşma olmaz: “Ölkəmiz öz legitim müdafiə hüququndan istifadə edir”.
Müctəba Dəmirçil Azərbaycan dövləti və xalqına minnətdarlığını da ifadə edib: “Bu çətin dövrdə həm rəsmi, həm də ictimai səviyyədə başsağlığı və həmrəylik mesajları aldıq. Bu, xalqlarımız arasında mövcud olan mədəni və dostluq münasibətlərinin göstəricisidir”.
Səfir qeyd edib ki, son proseslərlə bağlı nazirlər arasında telefon danışıqları aparılıb və fikir mübadiləsi həyata keçirilib: “Telefon danışığı çərçivəsində Azərbaycan Respublikası rəsmi mövqeyini bildirib və vurğulanıb ki, Azərbaycan öz ərazisindən İran əleyhinə hər hansı təhdidin həyata keçirilməsinə heç vaxt icazə verməyəcək”.
O əlavə edib ki, bu mövqe Azərbaycan rəhbərliyi tərəfindən ən yüksək səviyyədə dəfələrlə bəyan olunub və rəsmi Bakı prinsipial mövqe nümayiş etdirib. Müctəba Dəmirçil həmçinin bildirib ki, bəzi qüvvələr sanksiya siyasəti fonunda qonşu ölkələr arasında qarşıdurma yaratmağa meyllidirlər: “Bu baxımdan ayıq-sayıq olmaq və regionda gərginliyin artmasına imkan verməmək vacibdir”.