2026-cı ilin fevral ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 88 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub.
Bu barədə SİA-ya Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 82 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.
Pasiyentlərdən 33-ü dərman preparatlarından, 4-ü siçan dərmanından (rodentisid), 23-ü sirkə turşusundan, 1-i həlledici məhlullardan, 3-ü yandırıcı məhlullardan, 4-ü allergik reaksiyalardan, 3-ü spirtli içkidən, 15-i dəm qazından, 1-i anafilaktik şokdan, 1-i isə fosfor üzvi birləşmədən zəhərlənmə səbəbilə müalicəyə cəlb olunub.
Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub.
Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, 6 nəfərin (kişi) həyatını xilas etmək mümkün olmayıb.
Ölüm hallarının əsas səbəbləri dərman, spirtli içki və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub.