1000 km məsafə qət edən Porsche superkarı satışa çıxarılıb...

1 Mart 2026 21:57 (UTC+04:00)

...Mükəmməl şəkildə qorunub saxlanılan 2005-ci il Porsche Carrera GT Mayamidə hərraca çıxarılıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, superkar çox az sürülüb.

Porsche Carrera GT-nin təxmini qiyməti 2,2-2,8 milyon dollardır.

Superkar RM Sotheby's saytında yer alıb.

Bu Porsche Carrera GT zaman kapsulu 21 il ərzində cəmi 970 km sürülüb və demək olar ki, yeni vəziyyətdədir. Müxtəlif vaxtlarda ABŞ və Böyük Britaniyadakı kolleksiyalarda saxlanılıb.

Keçən il Porsche Carrera GT bütün mayelərin, filtrlərin, kəmərlərin və qığılcım şamlarının dəyişdirilməsi də daxil olmaqla geniş texniki xidmətdən keçib.

Həmçinin yeni asma qolları və Michelin Pilot Sport Cup 2 təkərləri alınıb.

Ümumi dəyəri 89.395 dollar olub.

2005-ci il Porsche Carrera GT kolleksiyaçılar tərəfindən yüksək qiymətləndirilir, çünki o, dövrünün ən görkəmli superkarlarından biridir.

Bu avtomobillərdən yalnız 1270-si istehsal olunub.

Porsche Carrera GT superkarı əvvəlcə yarış üçün hazırlanmış 5,7 litrlik, 612 at gücündə V10 mühərriki ilə təchiz olunub.

6 pilləli mexaniki transmissiya ilə 0-dan 100 km/saat sürətini 3,9 saniyəyə toplayır və maksimal sürəti 330 km/saatdır.

Bu Porsche Carrera GT qəhvəyi rəngli dəri salon, kondisioner, CD pleyerli Bose səs sistemi və müxtəlif markalı baqaj seçimlərinə malikdir.

Nazlı Almuradova