3 mart - Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçiriləcək.
Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, vəhşi təbiətin qorunmasının əhəmiyyətinə, nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki və heyvan növlərinin mühafizəsinə diqqətin cəlb edilməsi, eləcə də cəmiyyətin bütün yaş qruplarında təbiətə qarşı məsuliyyət və qayğı hissinin gücləndirilməsi məqsədilə Ümumdünya Vəhşi Təbiət Günü 2013-cü ildən etibarən qeyd olunur.
Hər il müxtəlif mövzular altında keçirilən Ümumdünya Vəhşi Təbiət Günü bu ilki devizi “Dərman və ətirli bitkilər: sağlamlığın, irsin və yaşayış vasitələrinin qorunması”dır.
Nazirlik hər kəsi bu günü təbiət qoynunda keçirməyə, vəhşi təbiətin qorunmasına öz töhfəsini verməyə, zəngin biomüxtəlifliyə və unikal landşaftlara malik milli parklarımızın nadir gözəlliklərini kəşf etməyə dəvət edir.