Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Litvanın paytaxtı Vilnüs şəhərinə rəsmi səfəri çərçivəsində bu ölkədə akkreditə olunmuş Azərbaycan və Türkiyənin diplomatik nümayəndəliklərində Azərbaycan səfiri Tamerlan Qarayev və Türkiyə səfiri Esra Toplu ilə görüşüb.
TÜRKPA-dan SİA-ya verilən məlumata görə, hər iki görüşdə TÜRKPA Baş katibi “Türk Dövlətləri Təşkilatı vasitəsilə əməkdaşlıq və bağlantıların gücləndirilməsi — Türk dövlətləri ilə Baltikyanı region arasında daha yaxın əlaqələr üçün imkanlar” mövzusunda beynəlxalq panel müzakirəsinin keçirilməsi təşəbbüsünün irəli sürülməsinə və tədbirin təşkilinə göstərilən hərtərəfli dəstəyə görə Azərbaycan və Türkiyə səfirlərinə təşəkkürünü ifadə edərək, gələcəkdə bu kimi əməkdaşlıq fəaliyyətinin ortaq maraqların Avropa ölkələrində geniş təbliği və qarşılıqlı maraq doğuran məsələlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Səfirlər öz növbələrində TÜRKPA Baş katibinə təşəkkürlərini bildirərək, gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Azərbaycanın Litvadakı səfirliyində baş tutmuş görüşdə TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının üzvü və Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyev, Türkiyənin Litvadakı səfirliyində keçirilmiş görüşdə isə onunla yanaşı Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Ömər Kocaman da iştirak edib.