Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə orta hesabla il ərzində 2.2 milyona yaxın və ya hər gün 6 mindən artıq zəng daxil olur.
SİA xəbər verir ki, bu barədə FHN-in "112" Çevik Reaksiya İdarəsinə təşkil olunan mediatur zamanı məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Prezidentinin 2006-cı il 28 fevral tarixli Fərmanı ilə yaradılan "112" qaynar telefon xətti xilasetmə qurumlarının fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətini, o cümlədən yanğınsöndürmə, axtarış-xilasetmə, qəza-xilasetmə istiqamətləri üzrə informasiya dəstəyini təmin edən, 24/7 rejimdə fəaliyyət göstərən fövqəladə zəng mərkəzidir.
Həmçinin "112" qaynar telefon xətti nazirliyin digər fəaliyyət istiqamətləri üzrə də telefon müraciətlərinin operativ cavablandırılmasını həyata keçirir.
Diqqətə çatdırılıb ki, müraciətlərin qəbulu və cavablandırılması fasiləsiz həyata keçirilir. Yanğınsöndürmə, qəza-xilasetmə, axtarış-xilasetmə və digər xilasetmə işlərinə zərurət yarandıqda "112" qaynar telefon xəttinə zəng edilməlidir. "112" qaynar telefon xəttinə Azərbaycan Respublikası ərazisindən sabit və mobil telefonlardan, həmçinin telefon-avtomatlarından ödənişsiz zəng etmək mümkündür. GSM nömrə blok edildikdə, danışıq kartı, yaxud balans bitdiyi halda da "112" xətti ilə əlaqə saxlamaq mümkündür.
Yanğın, partlayış, avtoqəza, tikintidə, sənayedə və dağ-mədən işlərində təhlükəsizlik qaydalarının pozulması və digər məsələlərlə bağlı "112" qaynar xəttinə orta hesabla il ərzində 2.2 milyona yaxın və ya hər gün 6 mindən artıq zəng daxil olur.
Zənglərin qəbulu, operativ emalı və yönəldilməsi üçün Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin tərkibində fəaliyyət göstərən "112" Çevik Reaksiya İdarəsi mütəmadi olaraq ən müasir avadanlıqlarla təmin edilir, yeni nəsil çoxfunksiyalı proqram təminatları tətbiq olunur. Yenilənmiş proqram təminatı qurumlararası əlaqələndirmə və səmərəli informasiya mübadiləsini, zənglərin avtomatik qəbulu, qeydiyyatı və saxlanması, məlumatların elektron kartlara yazılması, zəng gələn ünvanın xəritədə təyin olunması, çağırış ünvanına yaxın olan müvafiq qüvvələrin sistem üzərindən cəlb olunması işinin operativliyini təmin edir.