Heydər Əliyev Beynəlxalq Aeroportu iki beynəlxalq reysi ehtiyat hava limanı kimi qəbul edib

28 Fevral 2026 13:10 (UTC+04:00)

Regional hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən “Flydubai” aviaşirkətinə məxsus Kazan–Dubay və Moskva–Dubay marşrutları üzrə hərəkət edən hava gəmilərinin kapitanları ehtiyat hava limanı qismində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş üçün müraciət ediblər.

Beynəlxalq hava limanından SİA-ya bildirilib ki, Kazan–Dubay reysi yerli vaxtla saat 11:25-də, Moskva–Dubay reysi isə saat 11:43-də Heydər Əliyev Beynəlxalq Aeroportuna təhlükəsiz şəkildə eniş edib.

Hər iki halda sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi tam təmin olunub, eniş və sonrakı əməliyyat prosesləri mövcud beynəlxalq aviasiya standartlarına və təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun əməliyyat infrastrukturu alternativ və tranzit reyslərin qəbuluna tam hazırlıqlı vəziyyətdədir və regional hava nəqliyyatı sistemində etibarlı ehtiyat hava limanı funksiyasını effektiv şəkildə yerinə yetirməyə davam edir.