Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb

28 Fevral 2026 12:01 (UTC+04:00)

Ankaradakı “Azaflı” Sosial Yardım və Mədəniyyət Təşkilatının konqres mərkəzində Xocalı soyqırımının 34-cü il dönümü ilə bağlı panel müzakirələri aparılıb.

SİA xəbər verir ki, “Xocalı soyqırımı: bəşəriyyətin vicdanının qara səhifəsi” mövzusunda təşkil edilən müzakirələrin təşkilatçısı qismində Türkiyə-Azərbaycan Cəmiyyətləri Federasiyası (TADEF) və “”Ankara-Bakı” Cəmiyyəti çıxış edib. Tədbir iştirakçıları arasında diplomatlar, Türkiyə Böyük Millət Məclisinin deputatları, beynəlxalq təşkilatların, iri şirkətlərin nümayəndələri, alimlər, iki qardaş ölkə ictimaiyyətinin təmsilçiləri olublar.

“Azaflı” Sosial Yardım və Mədəniyyət Təşkilatının sədri Arzuman Azaflı tədbiri açaraq qeyd edib ki, onilliklər sonra da Xocalı qurbanlarının xatirəsi Azərbaycan xalqının yaddaşında qanayan yara kimi qalır. O, faciəni törədən bütün cinayətkarları məsuliyyətə cəlb etməyə çağırıb.

TADEF baş katibinin müavini Settar Kaya qeyd edib ki, türk xalqlarının tarixində yüz minlərlə şəhidin Vətən uğrunda həlak olduğu çoxsaylı müharibələr olub. “Rəsmi məlumatlara görə, təkcə Çanaqqala döyüşündə 70.000 Osmanlı əsgəri həlak olub, Balkan müharibələri zamanı isə 50.000 qəhrəman canından keçib. Onların hamısı silahlı düşmənlərə qarşı döyüş meydanında həlak olan qəhrəmanlardır. Lakin ermənilərdən danışanda, onların mülki əhaliyə qarşı vəhşilikləri daha çox önə çıxır”, - deyə o bildirib.

S. Kaya diqqətə çatdırıb ki, arxiv sənədlərinə görə, 1890-cı ildən 1922-ci ilə qədər ermənilər azı 300.000 türkü qətlə yetiriblər. “Bu gün Anadoluda sorğuda iştirak edən on nəfərdən səkkizi sizə erməni dəstələrinin qurbanı olan əcdadları haqqında danışacaq”, - deyən baş katibin müavini ASALA terrorçuları və digər cinayətkar təşkilatlar tərəfindən törədilən terror aktlarını da xatırladıb.

Onun fikrincə, ermənilərin Azərbaycanda törətdiyi qanlı cinayətlər də Anadoludakı vəhşiliklərin davamıdır. S. Kaya Xocalıya ədalət uğrunda səslərin ucaldılmasına çağıraraq vurğulayıb: “Bu gün biz “yetər!” deyirik.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev çıxışında qeyd edib ki, ermənilər bir əsr əvvəl Anadoluda törədilən qanlı cinayətləri Xocalı da daxil olmaqla, Azərbaycanın müxtəlif bölgələrində təkrarlayıblar.

“Xocalı ermənilərin soyqırımı aktları törətdiyi bir çox yerlərdən yalnız biridir. Əvvəllər qanlı cinayətlər Şamaxı, Quba və Bakıda da törədilib, onların yeganə məqsədi etnik təmizləmə olub. Bütün hallarda, dünya dinc əhalinin qətlə yetirilməsinə laqeyd yanaşıb”, - deyə V. Hacıyev bildirib. O, ölkəmizin öz səyləri ilə tarixi ədaləti bərpa etdiyini vurğulayıb.

Onun sözlərinə görə, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin gücü, eləcə də Azərbaycan və Türkiyənin birliyi ikili standartlar siyasətinə ən yaxşı cavab olaraq qalır. “Bakı və Ankaranın nüfuzu bütün dünyada tanınır. Ölkələrimizin fikirləri nəzərə alınır. Azərbaycan və Türkiyə nə qədər güclüdürsə, çətinlikləri və maneələri həll etmək bir o qədər asan olur”, - deyə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini qeyd edib.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Xocalı hadisələrini “insanlığa qarşı cinayət” adlandırıb. “Əgər Xocalını unutsaq, insanlığımızı itirəcəyik və tarixin yeni qanlı səhifələrinə yol açacağıq”, - deyə türkiyəli deputat bildirib.

Ş.Ayrım Prezident İlham Əliyevin siyasətini yüksək qiymətləndirib. O, qeyd edib ki, Azərbaycan liderinin rəhbərliyi altında respublika güclü və nüfuzlu dövlətə çevrilib. “Bu gün Qarabağın dirçəlişindən səmimi-qəlbdən məmnunuq. Ölkələrimiz güclüdür”, - deyə o vurğulayıb.

Daha sonra Karabük Universitetinin professoru Əli Əsgər və Ankara Universitetinin professoru Cavid Abdullazadənin iştirakı ilə panel müzakirələri keçirilib. Alimlər Xocalı soyqırımının tarixi, siyasi və hüquqi aspektlərini təhlil ediblər.

Tədbir Azərbaycanın Xalq artisti və balaban ifaçısı Əlixan Səmədovun çıxışı ilə başa çatıb.