"Xanabadda bərpa prosesi dövlət suverenliyinin praktik təsdiqidir" - ŞƏRH EDİLDİ

27 Fevral 2026 17:28 (UTC+04:00)

"Xocalı rayonunun Xanabad kəndində həyata keçirilən bərpa və yenidənqurma işləri Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi kompleks dövlət siyasətinin tərkib hissəsidir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın əraziyə səfəri simvolik və strateji məna daşıyır: "Bu səfər həm dövlətin azad edilmiş torpaqlara xüsusi diqqətinin göstəricisidir, həm də Böyük Qayıdış prosesinin ardıcıl və planlı şəkildə icra olunduğunu nümayiş etdirir. Xanabad kəndi 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində tam suveren nəzarətə qaytarılmış ərazilərdən biridir. Bu faktın özü artıq yeni geosiyasi reallığın təsdiqidir. Artıq bölgədə təhlükəsizlik tam təmin olunub və dövlət quruculuğu mərhələsi intensiv şəkildə davam edir. Bərpa prosesi yalnız infrastrukturun yenilənməsi deyil, eyni zamanda dövlət suverenliyinin real və praktik təzahürüdür. Kənddə elektrik, qaz, su və optik xətlərin bərpası, nasos stansiyasının inşası, yolların yenilənməsi, sosial obyektlərin təmiri göstərir ki, dövlət yanaşması yalnız simvolik deyil, sistemlidir. Bu, bir tərəfdən keçmiş məcburi köçkünlərin ləyaqətli şəkildə öz yurdlarına qayıtmasını təmin edir, digər tərəfdən isə bölgədə davamlı iqtisadi və sosial inkişaf üçün zəmin yaradır. Artıq ilk ailələrin Xanabada qayıtması Böyük Qayıdışın praktik mərhələyə keçdiyini sübut edir. Bundan əlavə, ərazidə XIII əsrə aid kilsə və IX əsrə aid “Aslan qalası” kimi tarixi-mədəni irs nümunələrinin mövcudluğu Azərbaycanın multikultural və tarixi müxtəlifliyinin göstəricisidir. Bu abidələrin qorunması və gələcəkdə bərpası həm beynəlxalq ictimaiyyətə verilən mesajdır, həm də Azərbaycanın mədəni irsə münasibətdə məsuliyyətli dövlət olduğunu nümayiş etdirir. Siyasi baxımdan isə bu proses regionda yeni güc balansını möhkəmləndirir. Dövlət başçısının azad edilmiş ərazilərə mütəmadi səfərləri həm daxili auditoriyaya inam mesajıdır, həm də xarici aktorlara Azərbaycanın bu torpaqlarda uzunmüddətli və dönməz mövcudluğunu göstərir. İnfrastrukturun qurulması faktiki olaraq siyasi mövqenin möhkəmləndirilməsi deməkdir. Xanabadda görülən işlər təkcə bir kəndin bərpası deyil, dövlət strategiyasının praktik icrasıdır. Bu proses sosial ədalətin bərpası, milli birliyin möhkəmləndirilməsi və regional sabitliyin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır".